...

Azərbaycanın səbri hüdudsuz deyil: Sərhədin demarkasiyası və Ermənistanın vaxt uzatmaq cəhdləri barədə

Siyasət 17 Yanvar 2022 00:08 (UTC +04:00)
Azərbaycanın səbri hüdudsuz deyil: Sərhədin demarkasiyası və Ermənistanın vaxt uzatmaq cəhdləri barədə

Bakı. Cani Babayeva – Trend:

Bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədində, Kəlbəcər rayonu istiqamətində vəziyyət yenidən gərginləşib. Belə ki, yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.

Sərhəddə vəziyyətin vaxtaşırı kəskinləşməsi onu göstərir ki, Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası məsələsini qısa zamanda həll etmək lazımdır.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli telekanallara müsahibəsində qeyd edib ki, Azərbaycan sülh gündəliyini Ermənistana təqdim edib və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürüb.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan tərəfi seçim, düzgün seçim etməlidir.

"Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq", - deyə Prezident İlham Əliyev bildirib.

Rusiyanın İnnovativ İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin rəhbəri, politoloq Andrey İvanovun Trend-ə dediyi kimi, hər kəs başa düşür ki, Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyət gərgin qalmaqdadır.

"Təəssüf ki, göründüyü kimi, bu vəziyyət uzun müddət belə qalacaq. Müxtəlif təxribatlar olacaq, onlar qaçılmazdır, çünki bu, hər zaman siyasi alış-veriş məsələsidir. İstənilən təxribat çox ciddi araşdırılır, hər bir tərəf özünün haqlı olduğunu və istənilən danışıqları ləngidə bilər. Məsələn, əgər hansısa iri razılaşma gözlənilirsə və təxribat baş verirsə, o zaman bütün diqqətlər ona yönəlir, ən azından diqqətin ona yönəlməsi üçün cəhdlər edilir", - politoloq deyib.

O hesab edir ki, Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası vacibdir, belə ki bunun üçün bütün hüquqi mexanizmlər mövcuddur.

"2020-ci ildə Bakı, Yerevan və Moskva arasında əldə olunmuş razılaşmanı hər kəs qəbul edir. Heç bir tərəf bu qərarın qanuniliyini şübhə altına almayacaq. Bundan sonra onu daha tez həll etmək əsələsi ortaya çıxır. Bu qərarın icrası nə qədər çox ləngiyəcəksə, müxtəlif təxribatların törədilməsi ehtimalı artacaq", - deyə o vurğulayıb.

Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova qeyd edib ki, bir çox ekspert Azərbaycanla Ermənistan arasındaklı sərhəddə bu cür kəskinləşmələri proqnozlaşdırırdı

"Bu da təsadüfi deyil. Həqiqətən də, çox şey sərhədlərin delimitasiyası və demarkasiyasından asılıdır. Bəlkə də, Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələni həll etmək istəyir, amma daxili qüvvələr, ona təsir göstərən digər siyasətçilər bunu etməyə imkan vermir. Ona görə də məsələ uzanır. Bəlkə də o, hansısa radikal qruplardan, revanşist əhval-ruhiyyədən qorxur. Digər tərəfdən, Paşinyan sadəcə nədən başlamalı olduğunu, hansı yanaşmanı tətbiq etmək lazım olduğunu bilməyə bilər. Bu məsələdə yol xəritələri hazır olmayanadək Ermənistanı prosesi uzatmaqda davam edəcək", - deyə o qeyd edib.

D.Qrevtsova əlavə edib ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

"Hesab edirəm ki, Vladimir Putin növbəti dəfə Paşinyana xatırladıb ki, bu cür insidentlərin baş verməməsi üçün sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə qayıtmaq lazımdır. Və bu məsələ həll olunmadıqca, bu cür insidentlər, təəssüf ki, davam edəcək", - D.Qrevtsova deyib.

Azərbaycan tərəfi öz mövqeyini ortaya qoyub və sərhədin delimitasiyası və demarkasiyası üzrə işçi qrupun yaradılması prosesinə başlamağa hazırdır. Ermənistan isə öz destruktiv mövqeyindən əl çəkməlidir. Əks təqdirdə o, daha pis vəziyyətdə olacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti