Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Azərbaycanla Rusiya arasında mövcud olan ikitərəfli münasibətlər yeni səviyyəyə yüksəlib. Bu münasibətlərin daha dərinləşdirilməsi üçün yeni sazişlərin, müqavilələrin imzalanması günün tələbidir. Prezident İlham Əliyevin Rusiyaya səfəri - ikitərəfli münasibətlərimizdə əlamətdar hadisə - diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş tutur.
Milli Məclisin deputatı Azər Badamov Trend-in sualına cavabında bildirib ki, bu 30 ildə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi və möhkəmlənməsi istiqamətində böyük yol qət olunub.
"Belə ki, bu 30 ildə Rusiya Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə hörmətlə yanaşıb, ölkələrimiz arasındakı münasibətlərin inkişafına və möhkəmlənməsinə xidmət edən 300-dən çox sənəd imzalanıb.
Rusiya Azərbaycanın əsas ticari tərəfdaşıdır və qeyri-neft məhsullarımızın ixrac olunduğu əsas bazardır. 2021-ci ildə pandemiya davam etməsinə baxmayaraq, ölkələrimizarası ticarət dövriyyəsi 16% artaraq, 3 milyarda yüksəlib. Rusiya Azərbaycana 4,5 milyard dollar investisya yatırıb və ölkəmizdə fəaliyyət göstərən ortaq şirkətlərin sayı 950-yə yüksəlib. Azərbaycan da öz növbəsində Rusiyaya 1,5 milyard dollar sərmayə yatırmşdır. Qarşılıqlı investisyaların yatırılmasının genişlənməsi ölkələrarası iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verib.
Təbii ki, ölkələrimiz arasındakı münasibətlərin inkişafı dövlət başçılarımız arasındakı şəxsi münasibətlər üzərində daha da möhkəmlənib. Prezident İlham Əliyevin Rusiyaya etdiyi hər bir səfəri ölkələrimiz arasında strateji əməkdaşlığın inkişafına xidmət edən yeni sənədlərin imzalanması ilə yadda qalıb. Azərbaycan bu illərdə müstəqil xarici siyasət yürütmüş və imzalanmış hər bir sənəddə ölkəmizin milli maraqları öz əksini tapıb.
Cənab Prezidentin Moskvaya növbəti səfəri də bu baxımdan ölkələrimizarası münasibətlərin inkişafına yeni bir səhifə açacaqdır. Səfər çərçivəsində dövlət başçılarımızın imzaladıqları müttəfiqlik haqqında bəyannamə imzalandı. Bu sənəd 43 bənddən ibarət olmaqla ölkələrarası münasibətlərin yeni çağırışlara uyğun formalaşmasına yol açacaq hüquqi baza yaradacaqdır. Bəyannamədə Azərbaycanla Rusiya arasında bu günə qədər imzalanmış sənədlərdə nəzərdə tutulmuş strateji məsələlər özündə ehtiva etdirməklə yeni dövrün çağırışlarına uyğun münasibətlərimizin möhkəmlənməsinə və ölkələrimizin təhlükəsizliyinin qorunmasına xidmət edəcək yeni tədbirlər də nəzərdə tutulub”, - deyə deputat əlavə edib.
Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-ə açıqlamasında bildirib ki, fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin bütün müddəaları Azərbaycanın milli maraqlarına tam uyğundur. Hətta bu sənədi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstək kimi də qiymətləndirmək olar.
“Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərək münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlikdir.
Bu gün Azərbaycan və Rusiya arasındakı münasibətlər dinamik şəkildə inkişaf edir. İki ölkə arasında münasibətlərin daha da inkişafına həm də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında mövcud olan etibarlı dostluq əlaqələri mühüm təsir edir. Təsadüfi deyil ki, Prezidentimizi 60 illik yubileyi münasibətilə təbrik edən Prezident Vladimir Putin xüsusi olaraq vurğulamışdı ki, İlham Əliyevin əsas məqsədi xalqının, ölkəsinin yaxşı yaşamasıdır və buna çalışır, onunla mühüm məsələlərdə razılığa gəlmək çətin olsa belə, nədəsə razılığa gəlirsənsə, tam əmin ola bilərsən ki, vəd yerinə yetiriləcək.
Əlbəttə, dövlət başçıları arasında bu cür səmimi və etibarlı münasibətlərin olması həm də xalqların sülh, təhlükəsizlik və firavan şəraitdə rahat yaşaması üçün zəruridir. Bu baxımdan da Moskva Bəyannaməsinin əhəmiyyətini yüksək qiymətləndirmək olar”, - deyə deputat bildirib.
Deputat əlavə edib ki, Moskva Bəyannaməsində ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdır.
Deputat Vüqar Bayramov isə Trend-in sualına cavab olaraq bildirib ki, Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərək münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlikdir.
“Bunun indiki sürətlə dəyişən regionda necə vacib olduğunu təsəvvür etmək çətin deyil. Sənəddə ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdır. Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, sənəddə mühüm məqamlardan biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin vurğulanmasıdır.
“Son anlaşma 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni rıçaqlar verir və imkanlar yaradır. Bu isə Zəngəzur dəhlizinin yenidən bərpası kimi öhdəliklərin reallaşmasına yeni dəstəkdir”, - deyə deputat əlavə edib.