Bakı. Trend:
İki ilə yaxındır ki, torpaqlarımızın özünün əzəli və əbədi sahibinə qovuşmasının, ərazi bütövlüyümüzün təmin edilməsinin sevincini yaşamaqla yanaşı, tarixi Zəfərimizin yaratdığı reallıqların dünya ictimaiyyəti tərəfindən təsdiqi və qəbulu istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır. Bu gün dünya gücləri postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsi ilə bağlı dəstəklərini göstərməyə hazır olduqlarını bildirir, onların təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşləri təşkil edilir, 10 noyabr 2020-ci il Bəyanatında əksini tapan müddəaların yerinə yetirilməsinin vacibliyi vurğulanır. 2021-ci ilin Moskva, Soçi və Brüssel görüşləri deyilənlərin təsdiqidir. O da məlumdur ki, bugünlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü keçiriləcək.
Göründüyü kimi, atılan hər bir addım sülh təklifinin reallığa çevrilməsinə, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, ən əsası 30 il göz yumulan həqiqətlərin hamı tərəfindən qəbuluna xidmət edir. Azərbaycan dövlətinin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 gündə imza atdığımız tarixi Zəfər bundan sonrakı hədəflərimizə işıq salaraq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın inkişafı naminə mühüm tədbirlərin görülməsinə, bu torpaqların malik olduğu potensial imkanlardan səmərəli istifadəyə çağırışlar edir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə səfərləri, 2021-ci ildə gerçəkləşdirdikləri 32 səfər də bir çox məqamların təqdimatında əhəmiyyətli rol oynayır. Bu səfərlərin 7-si Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi, musiqi beşiyimiz Şuşa şəhərinə edilib. Tarixi Zəfərimizdən sonra ilk Novruz tonqalı da məhz Şuşada, Cıdır düzündə alovlandırıldı. Bu reallıqlar işğalçı Ermənistanı və ona havadarlıq edən dövlətləri 30 ildə bilərəkdən, maraqlarına uyğun olaraq qəbul etmədikləri həqiqətlərə ədalət gözü ilə baxmağa məcbur etdi. 28 ildə Şuşanı erməniləşdirməyə çalışan mənfur düşmən bunun mümkünsüzlüyünün şahidinə çevrildi.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Şuşa əməliyyatı artıq bir dastana
çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa
əməliyyatı haqqında müzakirələr, təhlillər aparılır. Dövlət başçısı
İlham Əliyevin qeyd etdiyi kimi, bir çoxları, xüsusilə bu tarixi
şəhərin öz sahiblərinə qovuşmasından sonra Şuşada olmuş insanlar
inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül
silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız,
Qarabağın tacı Şuşanı işğalçılardan azad ediblər.
“Şuşanın gələcəkdə daha füsunkar olacağına əminlik üçün son
ilyarımda burada aparılan bərpa və quruculuq işlərinin miqyasına
diqqət yetirmək kifayətdir” söyləyən YAP Xətai rayon təşkilatının
sədri vurğulayıb ki, artıq mədəniyyət beşiyimizin əvvəlki şöhrəti
özünə qaytarılır: “Öncə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Sənəddə
də qeyd olunduğu kimi, Şuşa şəhəri tarixən Azərbaycanın
tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri
olub. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin
təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq
qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərar
nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və
incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi
istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Artıq işğaldan azad
olunmuş ərazilərimizin, o cümlədən Şuşamızın işğal tarixini deyil,
sahibinə qovuşduğu günləri qeyd edərək hər daşı, qayası tarix olan
bu torpaqlarımızın bərpasının tezliklə başa çatdırılması,
soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsi istiqamətində
davamlı addımlar atılır. Dövlət başçısı İlham Əliyevin işğaldan
azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa şəhərinə
təyin edildi. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün
müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və
həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan Şuşada dövlət
idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi
şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına
xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaq.»
Vüqar Rəhimzadə qeyd edib ki, ötən ilin mayında “Xarıbülbül” musiqi
festivalının, avqust ayında isə Vaqif Poeziya Günlərinin
keçirilməsi ənənəsi bərpa edildi: “Şuşa iki dost, qardaş ölkənin-
Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən Bəyannamənin
imzalanmasına şahidlik etdi. Bu gün böyük fəxr hissi ilə qeyd
edirik ki, Şuşa şəhəri diplomatik mərkəz rolunda çıxış edir. Belə
ki, Azərbaycan ilə BMT arasındakı münasibətlərin 30 illiyi,
BMT-Azərbaycan tərəfdaşlığı martın 18-də ölkəmizin mədəniyyət
paytaxtı olan Şuşa şəhərində qeyd edildi. Bunun böyük siyasi,
diplomatik, eyni zamanda, rəmzi mənası var. Dünyanın ən nüfuzlu
beynəlxalq təşkilatı olan BMT-nin postmünaqişə dövrünün
reallıqlarını qəbul edərək, belə bir tədbirin Qarabağın tacı Şuşada
keçirilməsində maraqlı olması həmin qurumun Təhlükəsizlik Şurasının
bu gün tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4
qətnaməsinin reallıqlara söykəndiyini bir daha təsdiq etməklə
Ermənistanın reallıqlarla barışıb sülh müqaviləsini imzalamasına
bir çağırışdır.”
YAP Xətai rayon təşkilatının sədri bu mühüm tədbirin ardınca martın
31-də Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan
edilməsinin də böyük siyasi və mənəvi əhəmiyyəti olduğunu bildirib:
“Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY)
üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin
Bursa şəhərində keçirilən iclasında qəbul olunub. Dövlət başçısı
İlham Əliyevin həqiqət anı kimi dəyərləndirdiyi 44 günlük İkinci
Qarabağ müharibəsi həqiqətlərin təbliği və təqdimatı oldu. Ölkə
Prezidentinin çağırışlarının əsasında bu mühüm məqam daim xüsusi
yer alır ki, birliyimizdən çox şey asılıdır. Hər zaman Türk
dünyasının birliyinə, həmrəyliyinə səy göstərən Azərbaycanın bu
ümdə vəzifənin reallaşmasına töhfələri göz önündədir və təqdir
edilir. Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi
də bu birliyin, həmrəyliyin təcəssümü, eyni zamanda, işğalçı
Ermənistana, ona 30 ildən yaxın dövrdə və hazırkı postmünaqişə
mərhələsində havadarlıq edən dövlətlərə ciddi mesajdır. Bir daha
sübut olundu Şuşa nəinki Azərbaycanın, bütün Türk dünyasının
mədəniyyət paytaxtıdır.”