...

Prezident İlham Əliyev: 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır

Siyasət Materials 9 Yanvar 2023 12:59 (UTC +04:00)
Prezident İlham Əliyev: 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır

Bakı. Trend:

2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Sevindirici hal ondan ibarətdir ki, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Eyni zamanda, biz Bakı şəhərində ən mötəbər idman yarışlarını qəbul etmişik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.

İdmanın kütləviliyinə gəldikdə isə hesab edirəm ki, bölgələrdə təbliğat daha geniş vüsət almalıdır. Biz son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaratmışıq, trenajorlar quraşdırılıb. Hesab edirəm ki, biz bu təcrübəni bütün bölgələrə aparmalıyıq, orada tətbiq edilməlidir. Nazirlik, yerli icra orqanları bu məsələ ilə ciddi məşğul olsunlar. Çünki hər bir insanın bəlkə həm vaxtı, həm də maliyyə imkanları olmur ki, idman zallarına getsin. Ona görə açıq havada, - nəzərə alsaq ki, Azərbaycanın əksər yerlərində hava şəraiti il boyunca müsbətdir, - bunun çox böyük təsiri olacaq, həm insanların sağlamlığı üçün, həm də bütövlükdə idmanın inkişafı üçün. Ona görə hesab edirəm ki, buna böyük ehtiyac vardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti