Bakı. Trend:
Rusiyadan qaz alıb onu sonradan satacağımız barədə ya diletantlar, ya da provokatorlar danışa bilərlər.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.
Dövlət başçısı bildirib:
"İndi söhbət Rusiyadan 1 milyard kubmetr qaz almaq barədə gedir. Ötən ilin sonunda kontrakt bağlanıb və keçən müddətdə həmin həcmin heç yarısını da almamışıq. Biz bunu nə üçün edirik? Bəli, bizdə istehlak artır, əhali artır. Kifayət qədər ehtiyat olmayan vaxtlarda tam gücü ilə işləməyən müəssisələr – metanol zavodu, karbamid zavodu, neft-kimya müəssisələri indi tam gücü ilə işləyir. Təkcə keçən il Azərbaycanda istehsalın və ixracın həcminə nəzər salsaq görərik ki, biz 22 milyard kubmetr qaz ixrac etmişik və mənim fikrimcə, cəmi 200 və 300 milyon kubmetr, yəni bir faiz idxal etmişik. Bu il 24 milyard kubmetr qaz ixrac edəcəyik və həmin 1 milyarddan qalan hissəni idxal edəcəyik. Yəni, bizim guya Rusiyadan qaz alıb onu sonradan satacağımız barədə ya diletantlar, ya da provokatorlar danışa bilərlər. Ona görə də düşünürəm ki, bu halda biz belələrinin hər ikisi ilə üzləşirik. Bununla belə, Azərbaycana daim qara yaxmaq, bizim rolumuzu, əhəmiyyətimizi azaltmaq cəhdləri yeni məsələ deyil. Yadımdadır, bir vaxtlar deyirdilər ki, Azərbaycanın nefti yoxdur, Bakı-Tbilisi-Ceyhan kəməri çəkilməyəcək, sonra deyirdilər ki, Azərbaycanın qazı yoxdur, indi də deyirlər, qoy desinlər. Biz öz işimizi görmüşük və bu işi uğurla görürük".