...

Azərbaycan türk dövlətləri arasında birləşdiricilik missiyasını uğurla həyata keçirir - Elçin Mirzəbəyli

Siyasət Materials 13 Aprel 2023 10:31 (UTC +04:00)
Azərbaycan türk dövlətləri arasında birləşdiricilik missiyasını uğurla həyata keçirir - Elçin Mirzəbəyli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Qazaxıstana səfəri qarşılıqlı əlaqələrin inkişafı və ən yüksək əməkdaşlıq səviyyəsinə qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Prezidentin səfəri çərçivəsində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu”nun imzalanması tarixi nailiyyətdir və təkcə iki qardaş dövlətin deyil, bütövlükdə türk dövlətlərinin əlaqələrinin, qarşılıqlı inteqrasiya prosesinin ortaq institutsional idarəetmə mexanizmlərinin inkişafına böyük töhfələr verəcək bir addımdır.

“Bununla yanaşı, Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə iki dövlətin müvafiq qurumları arasında imzalanan sənədlərin də qarşılıqlı münasibətlərin strateji yol xəritəsi üzrə inkişafa doğru aparıldığını xüsusi qeyd etməyi vacib sayıram.

İki qardaş dövlət arasında informasiya mübadiləsi və təhlükəsizliyi, elm, gənclər siyasəti və diaspor quruculuğu istiqamətlərində əməkdaşlığın inkişafını nəzərdə tutan sənədlərin imzalanması Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni və strateji hədəflərindən xəbər verir. Bu o deməkdir ki, Azərbaycan və Qazaxıstan hər iki ölkənin milli dövlətçilik institutları üçün mühüm siyasi, ideoloji əhəmiyyət kəsb edən sahələrdə də əməkdaşlığı genişləndirəcək, ortaq dəyərlərin, strateji hədəflərin və milli maraqların keşiyində dayanacaqlar.

Təsadüfi deyil ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də mətbuat üçün bəyanatında Azərbaycan Prezidentinin səfərinin iki qardaş ölkə arasında qarşılıqlı münasibətlərin, əməkdaşlığın inkişaf etdirilməsinin uğurlu davamı üçün həqiqətən çox böyük əhəmiyyət kəsb etdiyini vurğuladı və bildirdi ki, Azərbaycan ilə əməkdaşlıq Qazaxıstan üçün prioritet məsələ olub və olacaq. Qənaətimə görə, Prezident Kasım-Jomart Tokayevin bu fikirləri Azərbaycan Prezidentinin iki dövlət arasındakı münasibətlərin inkişafına verdiyi böyük töhfənin, eləcə də ölkəmizin türk dövlətlərinin qarşılıqlı inteqrasiya prosesində oynadığı müstəsna rolun yüksək səviyyədə qiymətləndirilməsidir”, - deyə o bildirib.

E.Mirzəbəyli əlavə edib ki, Azərbaycan-Qazaxıstan münasibətlərində nəzərə çarpan ən önəmli məqamlardan biri də iki ölkə arasında daha öncə imzalanmış sənədlərdən irəli gələn vəzifələrin sürətlə həyata keçirilməsidir.

“İki ölkə arasındakı əlaqələrin inkişafı “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması baxımından da mühüm əhəmiyyətə malikdir və hər iki ölkənin beynəlxalq nəqliyyat marşrutlarının diversifikasiyası istiqamətdə həyata keçirdikləri siyasət, mahiyyət etibarilə bir-birini tamamlayır, qarşılıqlı və regional əməkdaşlığın inkişafı üçün yeni prioritetlər müəyyənləşdirir.

Azərbaycan Qazaxıstan üçün Avropaya, Qazaxıstan isə ölkəmiz üçün Mərkəzi Asiyaya açılan qapıdır. Hər iki ölkə Avrasiyanın iki mühüm, geostrateji əhəmiyyət daşıyan regionu arasında körpü funksiyasını yerinə yetirirlər və məhz bu baxımdan da Azərbaycan-Qazaxıstan münasibətlərinin səviyyəsi, həm də Cənubi Qafqaz-Mərkəzi Asiya subregionlarında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, davamlı təhlükəsizliyin təmin olunması, sabitliyin qorunmasına mühüm təsir göstərən amil kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin Qazaxıstana növbəti səfəri bir daha sübuta yetirdi ki, Azərbaycan türk dövlətləri arasında, bütövlükdə isə Avrasiyada birləşdiricilik missiyasını uğurla həyata keçirir”, - deyə siyasi şərhçi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti