Bakı. Trend:
Türiyədə keçirilən prezident seçkiləri Milli Məclisin bu gün keçirilən iclasında yüksək qiymətləndirilib.
Trend-in məlumatına görə, Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, 28 may seçkilərində müdrik türk xalqı öz siyasi müqədərratını təyin etdi, qardaşlarımız təkcə Türkiyənin deyil, türk dünyasının inkişafına səs verdi.
“PKK/FETÖ terror təşkilatları məğlub oldu, Mehmetçik və
Bayraktar qalib gəldi. Zəlzələyə sevinib, ondan siyasi mənfəət
güdənlər məğlub oldu, zəlzələdən əziyyət çəkənlər qalib gəldi.
Qeyri-əxlaqi dəyərlər məğlub oldu, ailə dəyərləri qalib gəldi.
Türkiyəni dini və etnik konteksdə bölməyə çalışanlar, bölücülük və
illət məğlub oldu, türk milləti qazandı. Əlbətdə yaxşı gündə əsl
dost, əsl qardaş ən az onun qədər sevinəndir. Azərbaycan xalqı da,
dövləti də seçkiləri yaxından izləyirdi,biz türk millətinin
qələbəsinə inanırdıq. Təsadüfi deyil ki, seçkilərin birinci turunda
da, ikinci turunda da həmkarına ilk zəng edən, təbrik edən
Prezident İlham Əliyev oldu”, - deyə o bildirib.
Deputat Elşad Mirbəşir isə bildirib ki, qardaş
Türkiyədə demokratik seçkilərdə Rəcəb Tayyib Ərdoğan prezident
seçildi. “Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyə
öz maraqlarına uyğun tam müstəqil siyasət yürütməyə başladı. Cənab
Ərdoğanın qələbəsi dövlətini qərb imperializminə qarşı qoruyan
xalqların qələbəsi idi. Hesab edirəm ki, bu seçkilər Türkiyənin
alınmaz qala olduğun sübut etdi. Məhz cənab Ərdoğanın dövründə
Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək zirvəsinə çatmış
oldu”, - deyə deputat əlavə edib.
Deputat Musa Quliyev deyib ki, Türkiyə prezident seçkilərində dünyaya demokratiya dərsi keçdi. “Bu qələbə bütün türk dünyasının qələbəsi idi. Bundan sonra da Azərbaycan və Türkiyə arasında əlaqələr inkişaf edəcək”, - deyə deputat əlavə edib.