Bakı. Trend:
Ulu öndər Heydər Əliyev təhlükəszilik orqanlarında çalışmağa başladığı ilk günlərdən kollektivin milliləşməsinə böyük önəm verib. Sonrakı illərdə xüsusi xidmət orqanlarında rəhbər vəzifələrdə işləyərkən də Heydər Əliyev azərbaycanlı kadrların işə qəbul edilməsi, onların peşəkar kadr kimi yetişdirilməsi və irəli çəkiləməsi prosesinə də son dərəcə diqqət yetirib.
Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteran polkovnik Azər Qarayev bildirib.
O, əlavə edib ki, belə kadrlardan biri də əfsanəvi çekist, peşəkar əməkdaş Məmmədhüseyn Əsədov olub.
"Böyük Vətən Müharibəsindən əvvəl də xüsusi xidmət orqanlarında çalışan M.Əsədov müharibə illərində inanılmaz qəhrəmanlıqlar və şücaətlər göstərib. Məhz müharibdən qayıtdıqdan sonra bir müddət çalışmayan Əsədovu Heydər Əliyev şəxsən dəvət edib, onunla görüşüb və təkidlə yenidən xidmətə qayıtmağı təklif edib. Çünki, əvvəla M.Əsədov milliyətcə azərbaycanlı idi. Digər tərəfdən də olduqca peşəkar kadr idi. Heydər Əliyev onu orqanlara işə qaytarıb və ona himayədarlıq edib", - deyə o, əalvə edib.
Qeyd edək ki, əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn
Əsədov haqqında, onun Böyük Vətən Müharibəsindəki peşəkarlığı və
qəhrəmanlıqları haqqında təkcə Azərbaycanda deyil, ölkənin
hüdudlarında da danışılır. Həmin dövrdə həmvətənimizin vaxtında
məruzə etməsi sayəsində 1943-cü il 28 noyabr tarixində Tehran
konfransı öncəsi SSRİ, ABŞ və Böyük Britaniya rəhbərlərinə qarşı
sui-qəsd cəhdinin qarşısı alınıb.
Sui-qəsd cəhdi haqqında ilk dəfə ABŞ prezidenti Franklin Ruzvelt
1943-cü il 17 dekabr tarixində mətbuat konfransı zamanı geniş
ictimaiyyətə məlumat verib.
Müharibə illərində Əsədov sovet kəşfiyyatının əməkdaşı və "Uzun sıçrayış" əməliyyatının qarşının alınmasının iştirakçılarından biri olub. Azərbaycanın geosiyasi mövqeyi ilə əlaqədar olaraq regional kəşfiyyat əməliyyatlarında ölkənin təhlükəsizlik orqanları işçilərinə xüsusi rol ayrılırdı.
Məmmədhüseyn Əsədov 19 yaşı tamam olduqda Qırmızı Ordunun xüsusi
təyinatlı hissələrindən birində xidmətə başlayıb. Böyük Vətən
Müharibəsi başlaqıdan sonra Baş Kəşfiyyat İdarəsi Əsədovu İrana
ezam edib, belə ki, o operativ mühitə çox yaxşı hakim idi, bir neçə
xarici dil bilirdi və geniş kəşfiyyat imkanlarına malik idi.
1942-1947-ci illərdə Məmmədhüseyn Əsədov SSRİ-nin İranda ticari
nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.
Həmin dövrdə İran Stalin, Çörçil və Ruzvelt arasında danışıqlar
üçün ən uyğun yer olaraq seçilmişdi. Konfransa hazırlıq tam ciddi
məxfilik şəraitində aparılırdı. Müttəfiqlər təhlükəsizlik məqsədilə
hətta İran tərəfə də bu barədə məlumat vermirdi. İran konfransın
keçiriləcəyi yer haqqında yalnız konfransdan altı gün əvvəl, yəni
1943-cü il noyabrın 22-də məlumat almışdı.
24 noyabr gecəsi Baş Komandanlığın üzvü, Baş Qərargah rəisi, Sovet İttifaqının marşalı Aleksandr Vasilevski Astaraya gəlmişdi və burada onu Məmmədhüseyn Əsədov qarşılamışdı. Onlar daha sonra birlikdə İrana yola düşmüşdülər. Stalinin göstərişinə əsasən Vasilevskinin gəlişinin əsas məqsədi anti-Hitler koalisiyasının liderlərinin görüşünə hazırlığın yoxlanılması və təhlükəsizlik məsələlərinə nəzarətdən ibarət idi.
Tehran konfransı öncəsi Əsədov alman kəşfiyyatının SSRİ, ABŞ və
Böyük Britaniya rəhbərlərinə sui-qəsd hazırladığına dair məlumat
almışdı. Əsədov təkcə bu məlumatı alan deyil, həm də Stalin, Çörçil
və Ruzveltə qarşı sui-qəsdin qarşısının alınmasında aktiv şəkildə
iştirak edən ilk şəxslərdən idi.
Bu əməliyyatın keçirilməsindəki müstəsna roluna görə Məmmədhüseyn
Əsədov eyni vaxtda iki ordenlə - "Lenin" və "Qırmızı Ulduz"
ordenləri ilə təltif olunub.
Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) bir müddət əvvəl əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov, onun həyat yolu, peşəkarlığı və Böyük Vətən Müharibəsindəki qəhrəmanlıqlarından bəhs edən "Əfsanəvi qəhrəman" adlı videolayihə ərsəyə gətirib.
Həmin videolayihəni yenidən təqdim edirik.