...

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu - Sevil Mikayılova

Siyasət Materials 14 İyun 2023 17:09 (UTC +04:00)
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu - Sevil Mikayılova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

15 İyun əzəmətli tarixdir. Məhz bu tarixdə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı və Azərbaycan xalqını üzləşdiyi tarixi bəladan xilas etdi. Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz bu tarix Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, möhkəmlənməsi və inkişafı naminə Ulu Öndərin iradəsini və öz xalqına məhəbbətini ifadə edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

O bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı uzun illər təhlil edəcəyimiz hadisədir.

“Fenomen şəxsiyyətin zamanı dərk və iti qərar qəbul etmək qabiliyyəti bir xalqın taleyini dəyişdi, dövləti və dövlətçiliyi qoruyub saxladı, aydın yola çıxardı. 1993-cü ilin hakimiyyət böhranı ölkədə həyatın bütün sahələrini iflic vəziyyətinə salmışdı. Yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan xaos, özbaşınalıq, anarxiya burulğanında boğulurdu.

Müstəqilliyimizin bərpası tarixi nailliyət idi, lakin o zamankı hakimiyyətin siyasi səriştəsizliyi ucbatından ölkə parçalanmaq və müstəqilliyini itirmək həddinə çatmışdı. Azərbaycanın əzəli torpaqları Ermənistan tərəfindən işğal olunurdu, gənc respublika günü-gündən zəifləyir, insanların ümidi tükənirdi. Ən dəhşətlisi odur ki, nəticədə ölkə idarəolunmaz vəziyyətə düşdü, vətəndaş müharibəsi təhlükəsi yarandı”, - deyə deputat bildirib.

O qeyd edib ki, vəziyyətin dramatik hal aldığını görən o zamankı ölkə rəhbərliyi çıxış yolunu xalqı dəhşətli faciə içərisində qoyub qaçıb gizlənməkdə gördü. “Heydər Əliyev hakimiyyətə özünəməxsus mərdliklə qayıtdı, qorxmadan, çəkinmədən, özünü yox, xalqını və Vətənini hər şeydən üstün tutaraq, Uca Tanrının himayəsi və xalq sevgisi ilə...

Belə bir çətin və mürəkkəb bir tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada hökm sürən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas etdi.

Bu tarixi minnətdarlıq hissi ilə xatırlayırıq. Xüsusi qeyd etmək lazımdır ki, Ulu Öndər ilk olaraq qanunsuz silahlı birləşmələrin qiyam qaldırdığı Gəncəyə getdi. Səfər olduqca təhlükəli idi. Onu isə yalnız bir qrup jurnalist müşahidə edirdi. Gəncəlilər dahi xilaskarı – Ulu Öndəri böyük izdihamla, gül-çiçəklə, ehtiramla qarşıladılar. Xalq əmin idi ki, ölkəni bu çətin vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər”, - deyə deputat əlavə edib.

S.Mikayılova bildirib ki, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 1993-cü ilin 15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.

“Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Atəşkəsin imzalanması ölkəyə investisiya axınını artırmağa imkan yaratdı. Ən əsası dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanın iqtisadi müstəqilliyinin bünövrəsi qoyuldu.

Ulu Öndər xalqımızı işıqlı yola çıxardı. Onun ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. İftixar hissi ilə qeyd edirik ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal altındakı torpaqlarımızı azad edərək, xalqımızın 30 illik doğma yurd–yuva həsrətinə son qoydu. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.

O müdhiş tarixi yaşamış, gələcəyi üçün ümidsizlik və qeyri-müəyyənlik sindromu ilə üz- üzə qalmış, dövlətçiliyini itirmək qorxusu ilə rahatlıq tapmayan insanlarımız bu gün qurtuluş salnaməsini yaratmış böyük şəxsiyyəti dərin hörmətlə anır. Məsud, güclü, təhlükəsiz Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyatını həsr etdiyi ali missiyanın zirvəsidir. Bu il 100 illik yubleyini qeyd etdiyimiz dahi Liderin uca ruhunu ehtiramla yad edirik, Azərbaycan durduqca onun ideyaları var olacaq!”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti