...

Növbəti dəfə Avropa Parlamenti deputatlarının ədalətsiz və reallıqdan uzaq yanaşmasının şahidi oluruq - Soltan Məmmədov

Siyasət Materials 2 Avqust 2023 11:37 (UTC +04:00)
Növbəti dəfə Avropa Parlamenti deputatlarının ədalətsiz və reallıqdan uzaq yanaşmasının şahidi oluruq - Soltan Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçi Jelyana Zovko və Ermənistan üzrə məruzəçi Andrey Kovaçevin yaydığı birgə bəyanat tamamilə qeyri-obyektiv və qərəzli yanaşmanın təzahürüdür. Təəssüf ki, biz növbəti dəfə Avropa Parlamenti deputatlarının ədalətsiz və reallıqdan uzaq yanaşmasının şahidi oluruq.

Bu fikirləri “Trend”ə Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Millət vəkili bildirib ki, Avropa Parlamentinin üzvləri vəziyyəti təhrif edən bəyanatlarla çıxış etməməli, sülhü və birgəyaşayışı təşviq edən mövqe nümayiş etdirməlidirlər.

Deputat qeyd edib ki, Laçın yolunun bağlı olması və Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin blokadaya məruz qalması barədə iddialar tamamilə əsassızdır.

“Azərbaycan irihəcmli humanitar yüklərin daşınması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürüb. Bu təkliflərə Avropa İttifaqı, BQXK tərəfindən də dəstək ifadə olunub. Lakin erməni tərəfi bu təkliflərin həyata keçməsinə imkan verməmək, bölgədə əlavə gərginlik yaratmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün müxtəlif yollara, təxribatlara əl atır”, - deyə o, əlavə edib.

Soltan Məmmədov vurğulayıb ki, “Ağdam-Xankəndi” yoluna beton maneələr düzməklə əraziyə girişin bloklanması, Azərbaycanın icazəsi olmadan bizim ərazilərimizə icazəsiz yük avtomobillərinin göndərilməsi, iyunun 15-də Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan hərbçisinin yaralanması və digər faktlar göstərir ki, Ermənistan həmişəki kimi siyasi şantaj metodlarından istifadə etməyə çalışır: “Bildiyiniz kimi, Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra 2000-dən çox erməni sakin bu məntəqədən təhlükəsiz şəraitdə keçib. Eyni zamanda, Rusiya sülhməramlı kontingenti də, Beynəlxalq Qırmız Xaç Komitəsi də bu yoldan maneəsiz istifadə edə bilir. Bütün bunlar onu göstərir ki, “blokada” barədə iddialar tamamilə əsassızdır. Bu baxımdan, Avropa Parlamenti nümayəndələrinin yaydığı bəyanatda yoxlanılmamış məlumatlara istinad etməsi yolverilməzdir”.

Millət vəkili qeyd edib ki, Avropa Parlamentinin üzvləri həqiqətən obyektiv və tərəfsiz mövqedən çıxış etsəydilər birinci Qarabağ müharibəsi zamanı terrora, soyqırımına, etnik təmizləməyə məruz qalmış, Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələrini öz həyatında hiss etmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalmazdılar: “Bu bəyanatı imzalayanlar tarixə qısa bir nəzər yetirsələr, Azərbaycan xalqının Ermənistanın işğalçı siyasəti nəticəsində hansı məhrumiyyətlərə məruz qaldığını görərlər. 30 il davam edən işğala qiymət verməyən, Ermənistandan qovulmuş yüzminlərlə azərbaycanlı qaçqının, işğal dövründə öz evlərindən didərgin düşmüş bir milyona yaxın məcburi köçkün soydaşımızın, Xocalıda və digər yaşayış məntəqələrində kütləvi şəkildə qətlə yetirilmiş dinc sakinlərin faciəli taleyi ilə bağlı bir dəfə də etiraz səsini ucaltmayan bu insanların indi insan hüquqlarından, humanitar fəlakətdən danışmağa mən əvi haqqı yoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti