İrəvandakı hakimiyyət və Xankəndindəki separatçı xunta absurd tələblərini artıq isteriya həddinə çatdıraraq özlərini quyuya salırlar
Ermənistan və qarabağlı erməni separatçılar BMT Təhlükəsizlik Şurasının təcili iclasında "Laçın yolunun blokadası, qarabağlı ermənilərin üzləşdikləri aclıq və humanitar fəlakət məsələləri"nin müzakirəsini tələb edirlər. Onlar Qərbin, xüsusilə də ABŞ-ın bu məzhəkəyə dəstək verəcəklərini düşünürlər.
Halbuki...
... 105 il əvvəl, 1918-ci ilin yanvarın 8-də həmin dönəmdəki dünyanın düzəni dəyişdi.
ABŞ prezidenti Vudro Vilson Konqresə sonradan tarixə "14 bənd" (The Fourteen Points) kimi düşəcək, Birinci Dünya Müharibəsinin başa çatmasını şərtləndirən sülh müqaviləsinin mətnini təqdim etdi.
Birləşmiş Ştatların ilk dəfə qlobal siyasətə qüdrətli dövlət qismində daxil olduğunu bəyan edən bu sənəd indiki BMT-nin sələfi Millətlər Liqasının və Versal Sülh Müqaviləsinin bünövrəsi oldu.
Sənədin 10-cu bəndi Avstriya-Macarıstan İmperiyasının, 12-ci bəndi isə Osmanlı Türkiyəsinin parçalanmasını "şərt" hesab edirdi.
1920-ci ilin noyabrın 22-də isə Vudro Vilson "Türkiyə və Ermənistanın sərhədləri haqqında Arbitraj qərarı"nı imzaladı. Həmin sənədə görə, Türkiyənin Van, Bitlis, Ərzurum və Trabzon vilayətləri, yəni toplam olaraq 103599 kvadrat kilometr ərazi Ermənistana verilməli idi.
Təbii ki, Türkiyə bu sənədi imzalamayaraq rədd etdi, çünki ölkənin parçalanması, ərazi bütövlüyünə qəsd və işğala təhrikdi.
Ermənilər hələ də Sevr anlaşması və Vilson qərarına istinad edir, Türkiyəyə və bütün qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edirlər. Son əsrdəki erməni şovinizminin, hayizminin, aqressiv millətçiliyinin və dözülməzlik təşviqatının məhvər prinsiplər olduğu ideologiyanın əsasını təşkil edən məqamlardan biri kimi qalır.
Ötə əsrin əvvəllərində ABŞ açıq şəkildə iki imperiyanın dağılmasına və onların yerində etnik-milli əsaslarla yeni dövlətlərin yaranmasını tələb edirdi, buna çalışırdı. Başqa sözlə desək, Birləşmiş Ştatlar etnik, dini və s. zəminlərdəki separatizmi tam dəstəkləyirdi.
İkinci Dünya Müharibəsindən sonra, Avropanın müstəmləkə imperiyaları dağılmağa başlayanda, Asiya və Afrikada yeni dövlətlər təşəkkül tapanda da amerikalıların həmin mövqeyi müəyyən mənada dəyişməz qalmışdı.
Məsələn, 1959-cu ildə, SSRİ ilə "soyuq müharibə"nn ən gərgin dönəmlərdindən birində ABŞ prezidenti Duayt Eyzenhauerin göstərişi ilə "Kölə Edilmiş Xalqların Milli Komitəsi" (National Captive Nations Committee) yaradıldı. Komitəyə həmin dönəmdəki SSRİ-nin bütün müttəfiq respublikaları, habelə "İdel-Ural" və "Kazakiya" daxil edilmişdilər.
Yəni ABŞ bir zamanlar Avstriya-Macarıstan İmperiyasına və Osmanlı Türkiyəsinə qarşı tətbiq etdiyi strategiyanı təkrarlayırdı.
1985-ci ildə, SSRİ-də Mixail Qorbaçov hakimiyyətə gələndən sonra amerikalılar taktikanı dəyişdilər.
Ukrayna dövlət müstəqilliyini bəyan etməzdən üç həftə əvvəl Kiyevdə səfərdə olan ABŞ prezidenti ata Corc Buş demişdi: "Uzaq mərkəzin müstəbidliyini yerli despotizmlə əvəzləmək üçün müstəqillik axtaranların cəhdlərini amerikalılar dəstəkləməyəcəklər. Milli zəmində nifrətə əsaslanan təhlüükəli millətçilik ideyalarını yayanlara amerikalılar yardım etməyəcəklər".
Buşun bəyanatı təsadüf və ya Vaşinqtonun stavka etdiyi Qorbaçovu dəstəkləmək niyyəti deyildi.
Çünki həmin dövrdə Sloveniyanın və Xorvatiyanın federasiyanı tərk edərək müstəqil dövlət olmaq istəklərinin bəyanından sonra Yuqoslaviyada qanlı vətəndaş müharibəsi başlanmışdı.
ABŞ mövqeyini açıqlamışdı: "Belqrad slovenlərlə xorvatların müstəqilliyini tanımayınca Vaşinqton nə Sloveniyanı, nə də Xorvatiyanı müstəqil dövlət hesab etməyəcək".
Lakin Almaniya birtərəfli qaydada, qəflətən əvvəlcə Sloveniyanın və Xorvatiyanın, sonra isə Bosniya-Hersoqovinanın və Şimali Makedoniyanı müstəqilliklərini tanıyaraq Qərbin vahid mövqeyini pozandan sonra ABŞ kollektiv Qərbin vahid siyasətini qorumaq üçün mövqeyini dəyişdi.
Daha sonra amerikalılar Kosovonun müstəqilliyini dəstəklədilər. Amma Vaşinqton əslində, bu addımı atmağa məcburdu: 1999-cu ildə serblərin Kosovoda yerli albanlara qarşı kütləvi qətllərinin qarşısını ABŞ-ın rəhbərlik etdiyi NATO kontingenti aldı və təbii ki, amerikalılar bu qərardan sonra Kosovonun yenidən serblərin nəzarəti altına qayıtmasına imkan verə bilməzdilər.
Məhz bu səbəbdən 8 il davam edən uzun-uzadı və üzücü danışıqlardan, Vaşinqtondakı siyasətçilərin kəskin etirazlarına rəğmən Ağ Ev az qala naçar qalaraq Kosovonun müstəqilliyini tanıdı.
Amma Birləşmiş Ştatlar dövlətlərin parçalanması, konfederasiyalara çevrilməsi, "milli müqəddəratı təyinetmə hüququ" və s. kimi separatçılıq təmayülləri ilə müqayisədə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsiplərini daha üstün tutmağa başlamışdı.
Həmin strategiya indi də davam edir.
Birləşmiş Ştatların İranla münasibətləri, aşkar düşmənçilik səviyyəsində olan qarşıdurmasına rəğmən, Ağ Ev heç bir halda İranın parçalanmasını, mövcud İran daxilindəki xalqların ayrı-ayrılıqda müstəqil dövlətlər qurmasını istəmir.
1991-ci ildə Somalidəki separatçılar "Somalilend" yaradanda ABŞ bu separatçı rejimi dəçtəkləmədi və Somalinin ərazi bütünlüyünə tərəfdar olduğunu vurğuladı.
Rusiya qoşunları Çeçenistanda iki dəfə müharibə aparanda amerikalılar birmənalı olaraq Moskvanı dəstəklədilər, çeçenlərin fasiləsiz müraciətlərinə rəğmən, Qroznının müstəqillik istəklərinin beynəlxalq hüüququ zidd olduğunu bildirdi.
İraqı işğal edərək Səddam Hüseyni devirəndən sonra amerikalılar bu ölkədə şiələr, sünnilər və kürdlər arasındakı qanlı vətəndaş müharibəsində tərəf olmadılar. Daha sonra isə İraq Kürdüstanında keçirilmiş referendumda yerli sakinlərin tam əksəriyyəti müstəqilliyir lehinə səs versələr də, Vaşinqton iraqlı kürdlərə sərt xəbərdarlıq edərək bu idefiksdən əl çəkilməsini istədi və beləcə, İraq Kürdüstanındakı referendum heç bir real nəticə vermədi.
Daha sonra Vaşinoqton fransızdilli Kvebekin Kanadadan, Kataloniyanın İspaniyadan, Şotlandiyanın Britaniyadan ayrılmasına qarşı çıxdı. Kvebeklilərin, baskların və şotlandların "müstəqillik referendum"ları keçirmələrinə rəğmən, Vaşinqton bu səsvermələrin nəticələrini legitim bilmədi.
48 ildir ki, amerikalılar Türkiyə ilə çox sıx və Vaşinqton üçün müstəsna əhəmiyyət kəsb edən münasibətlərə rəğmən Qüzey Kıbrıs Türk Cumhuriyyətinin müstəqilliyini tanımır.
Çin ilə çox sərt və sərin münasibətlərə baxmayaraq ABŞ indiyədək Tayvanı müstəqil dövlət kimi görmək niyyətində olmayıb.
Vaşinqtonun fasiləsiz tənqid etdiyi hərbi diktaturaya rəğmən, Birmadakı şanların, karenlərin və kaçinlərin separatçı hərəkatlarını ABŞ dəstəkləmək niyyətində deyil.
Göründüyü kimi, Birləşmiş Ştatların dövlət siyasətində və qlobal geosiyasi doktrinasında yeni müstəqil dövlətlərin yaranmasının dəstəklənməsi strategiyası artıq yoxdur. Vaşinqtonun bununla bağlı paradiqması çox sadədir: yeni dövlətin ayrıldığı "köhnə dövlət" müstəqilliyi tanımayıb rədd edirsə, baş verənləri separatçılıq sayırsa, ABŞ da həmin mövqeni tam translyasiya edir.
Bu səbəbdən də qarabağlı ermənilərin ABŞ-dakı erməni diasporuna və həmin diasporun maliyyələşdirdiyi konqresmenlərə, senatorlara, mass-media mənsublarına güvənərək hansısa "müstəqillik xülya"larına qapılmaları tamamilə yanlış, əbəs illüziyadır.
"Laçın yolunun bağlanması, qarabağlı ermənilərin üzləşdikləri blokada və humanitar fəlakət"lə bağlı Ermənistanın BMT Təhlükəsizlik Şurasında təcili iclas çağırılaraq müzakirələrin keçirilməsi tələbi ilə çıxış etməyə hazırlanması isə ümumiyyətlə, səhvdir. Özü də çox ciddi, ABŞ-ın mümkün davranışını proqnozlaşdıra bilməyən İrəvanın kobud səhvi.
Qarabağlı ermənilərin separatizmini dəstəkləməyən ABŞ rəsmi Bakı ilə yekun sülh sazişini imzalanması prosesində aktiv və əsas vasitəçi roluna iddialı olduğundan, ermənilərin təşəbbüsünü danışıqlardan yayınmaq cəhdi kimi dəyərləndirəcək.
Ermənilərin belə demarşına Vaşinqtonun reaksiyasının nəticələri isə bu yaxınlarda özünü büruzə verəcək.
Uduzan yenə ermənilər olacaq.