...

COVID-19-la bağlı vəziyyət bizi kifayət qədər ehtiyatlı olmağa səsləyir - Deputat

Siyasət Materials 19 Sentyabr 2023 09:12 (UTC +04:00)
COVID-19-la bağlı vəziyyət bizi kifayət qədər ehtiyatlı olmağa səsləyir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu, danılmaz bir həqiqətdir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşır, bu istiqamətdə ardıcıl tədbirlər görülür. Elə üç il öncə yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə atılan addımlar zamanı da bu amil ön sırada dayanmışdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bir sıra məsələlərdə əksər ölkələrdən öndə olan Azərbaycan üç il öncə koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində görülən işlərdə də dünyaya nümunə göstərildi.

“Bu da səbəbsiz deyildi. Belə ki, ölkəmizdə yeni növ koronavirus infeksiyasının qeydə alındığı ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edən dövlətimiz infeksiyanın geniş yayılmasının qarşısını almaq üçün lazım olan bütün addımları atdı. Bu məqsədlə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edirdi”, - deyə deputat bildirib.

O əlavə edib ki, üç il sonra dünya yenidən COVID-19 dalğası ilə üzləşib. “Hər halda COVID-19-un yeni ştamlarının sürətlə yayılmasına dair ÜST-nin son açıqlaması, o cümlədən, xarici ölkələrdəki statistika belə deməyə əsas verir. Onu da diqqətə çatdıraq ki, hazırda ABŞ-də COVID-19-a yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-də gündə 650 mindən artıq amerikalıda koronavirus aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5 faiz artıb.

Məlumatlara əsasən, son həftə ərzində ABŞ-də COVID-19-a görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7 faiz, ölüm halları isə 4,5 faiz artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVID-19-a qarşı vaksin olunmağı tövsiyə edib. Eyni halı keçmiş SSRİ məkanına daxil olan ölkələr haqqında da deyə bilərik. Belə ki, Latviyada yayda test nəticələrinin 5-10 faizi pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25 faizə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə təmasda olmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunur. Rusiyanın Altay vilayətində COVID-19-a yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə karantinə bağlanıb. “Suqrutneft-qaz”da yenidən maska rejiminə keçid müzakirə olunur”, - deyə deputat bildirib.

V.İskəndərov əlavə edib ki, bütün bunlar bizi, yəni Azərbaycan vətəndaşlarını da kifayət qədər ehtiyatlı və məsuliyyətli olmağa səsləyir.

“Bu, elə bir bəladır ki, heç bir ölkə ondan sığortalana bilməz. Sadəcə, bu bəlaya qarşı daha mütəşəkkil addım atmaqla, prosesdən az itki ilə çıxmaq mümkündür. Azərbaycan dövləti əvvəllər olduğu kimi, indi də lazım olan addımları atacaq. Öz növbəsində sadə vətəndaşlar da bu məsələdə fəallıq göstərməlidirlər”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti