Bakı. Trend:
İsrail-Fələstin münaqişəsində mövcud vəziyyət getdikcə uzanacaq və İsrail quru əməliyyatlarını düşündüyü kimi, uğurla həyata keçirə bilməyəcək, bunun üçün müxtəlif maneələr var ki, bunlardan ən başlıcası tunellərin olmasıdır.
Trend xəbər verir ki, bu sözləri Trend BİA-nın baş direktorunun müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB-24-ə açıqlamasında deyib.
"Əslində, HƏMAS-ın istəklərindən biri odur ki, İsrail ordusu tanklarla quru əməliyyatlarına başlasın. Hətta açıq şəkildə HƏMAS təhdid edir ki, İsrail ordusunun Qəzzaya daxil olması, quru əməliyyatlarına başlaması onlar üçün bir “cəhənnəm” olacaq. HƏMAS-ın söylədiklərində müəyyən qədər həqiqət var. Çünki bir tərəfdə bölgəyə tam hakim olan HƏMAS var, digər tərəfdə isə bölgəni tam bilməyən, ümumiyyətlə, mövcud tunelləri tanımayan bir İsrail ordusu var",- deyə o, bildirib.
Siyasi şərhçi əlavə edib ki, mövcud tunellər yalnız silah daşınması üçün deyil, eyni zamanda infrastrukturun olması üçündür. Yəni tunellərdən sadəcə, hərbi yox, mülki məqsədlər üçün də istifadə olunur. Zamanında Misir Rəfah sərhəd-keçid məntəqəsini bağlayanda bu tunellər vasitəsilə Qəzzaya Misirdən qaçaq yol ilə humanitar yardım daşınırdı.
"Nəticə etibarilə, İsrail ordusu Qəzzada həyata keçirdiyi quru əməliyyatlarında gözlədiyi uğuru əldə edə bilməyəcək. Hər nə qədər ki, İsrail ordusu güclüdür, amma buna baxmayaraq, HƏMAS çox hazırlıqlıdır",- deyə Rufiz Hafizoğlu qeyd edib.
Ekspert İsrailin Qəzzanı atom silahı ilə vuracağı məsələsinə də aydınlıq gətirərək bildirib ki, bu sadəcə bir təhdiddir. Sahəsi 365 kvadrat kilometr olan Qəzzanı İsrail hansı atom silahı ilə vuracaq. Hansı ki, İsrail buna cəhd etsə, ilk növbədə özünü məhv edəcək.
Eyni zamanda, Rufiz Hafizoğlu, Türkiyə XİN rəhbəri Hakan Fidanla Entoni Blinkenin görüşü mövzusuna da toxunub.
"Hakan Fidan görüşdən sonrakı çıxışında İsrail-Fələstin münaqişəsinin dayandırılması üçün birbaşa ABŞ-a müraciət edib və müharibənin dayandırılmasını vurğulayıb. Bu müraciət əslində, İsrail-Fələstin münaqişəsində BMT-nin yox, ABŞ-ın böyük təsirini göstərən bir mesajdır",- deyə Hafizoğlu vurğulayıb.