Bakı. Trend:
Azərbaycan, təkcə coğrafi mövqeyinə görə deyil, həm də aid olduğu etnososial və etnomədəni faktorlara görə, Cənubi Qafqazla açıq dənizlərə çıxışı olmayan Mərkəzi Asiya arasında körpü fünksiyasını yerinə yetirir. Məlum olduğu kimi, dünyada Asiya və Avropa qitələrinin şərti sərhədlərinin bölgüsü ilə bağlı fərqli yanaşmalar var. Onlardan biri də Azərbaycan və Gürcüstanın, həm də, coğrafi baxımdan nisbi olaraq Avropa qitəsinin bir hissəsi sayılmalarıdır. Amma hətta Böyük Qafqaz dağlarını təbii sərhəd kimi təqdim edən bu nəzəriyyəyə görə də, ölkəmizin ərazisinin 90%-i, bütövlükdə isə Cənubi Qafqaz Qərbi Asiya (eyni zamanda Ön Asiya, yaxud Cənub-Qərbi Asiya) regionuna aid edilir.
Bəlli olduğu kimi, Mərkəzi Asiya regionuna daxil olan ölkələrin heç birinin açıq dənizlərə birbaşa çıxışı yoxdur. Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan üçün, xüsusilə də Avropa istiqamətində ən qısa yol Xəzər dənizi üzərindən, yəni Azərbaycandan, daha sonra isə Gürcüstandan keçir. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA Həftəsi çərçivəsində Gürcüstanın Baş nazirinin ölkəmizə səfərinə də, qənaətimə görə, məhz bu kontekstdən yanaşmaq lazımdır. Trans-Xəzər – “Orta dəhliz” layihəsinin genişləndirilməsi və subyektiv geosiyasi təzyiqlərdən sığortalanması, istisnasız olaraq, Mərkəzi və Qərbi Asiya regionlarının inkişafı üçün həyati əhəmiyyətə malikdir. Bu baxımdan, Azərbaycanın da BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün nəzərdə tutulan xüsusi proqramında yer alması, təsadüfi deyil. Çünki yol, açıq dənizlərə çıxış Mərkəzi Asiya ölkələrinin sabit iqtisadiyyata malik olmaları üçün həyati əhəmiyyətə malikdir.
SPECA layihəsinin ən önəmli cəhətlərindən biri də, proqrama daxil olan ölkələrin tarixi əlaqələrə, yaxın qonşuluq və dostluq münasibətlərinə, ortaq dil, mədəniyyət və digər bu kimi birləşdirici bağlara sahib olmalarıdır. Sözügedən amillər, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə bu günədək gerçəkləşdirilən nəqliyyat və enerji layihələri, sözügedən layihələrin diversifikasiyası və kənar təsirlərdən sığortalanması istiqamətində atılan addımlar, ölkəmizin logistik imkanlarının əhəmiyyətinin artmasına – zəruri, əvəzolunmaz və fundamental faktora çevrilməsinə zəmin yaradıb.
Önəmli olan məqamlardan biri də, SPECA proqramının iştirakçısı olan dövlətlərin müxtəlif regional və qlobal platformalar çərçivəsində sıx və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə malik olmalarıdır. Azərbaycan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan, qardaş Türkiyənin də daxil olduğu Türk Dövlətləri Təşkilatında təmsil olunurar. Doğrudur, Türkmənistan “neytral ölkə” statusunu əsas gətirərərk, hələlik, TDT-də müşahidəçi kimi təmsil olunur. Amma zaman keçdikcə Türkmənistanın da TDT-nin bərabərhüquqlu üzvünə çevriləcəyinə şübhə etmirəm. Bu, daha çox zaman məsələsidir.
Azərbaycan, Qazaxıstan, Əfqanıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistanın, Türkiyə, Pakistan və İranın da daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunmaları, qarşılıqlı əlaqələrin daha geniş spektrdə inkişafına zəmin yaradır və son dövrlərdə İƏT-in fəaliyyətində nəzərə çarpan dinamizm də, sözügedən təsisat çərçivəsində əlaqələrin genişləndirilməsinin, üzv dövlətlər üçün prioritet olduğunu təsdiqləyir.
Bəlli olduğu kimi SPECA-nın Bakıda keçirilən Zirvə görüşü proqramın 25-ci ildönümünə həsr olunub və qənaətimə görə, həm Zirvə görüşü, həm də SPECA həftəsi olduqca önəmli və bəlkə də tarixi zaman kəsiyinə təsadüf edir. Qlobal geosiyasi maraqların toqquşduğu və dünyanın yeni reallıqlarla qarşı-qarşı qaldığı zaman kəsiyində, neoimperialist düşüncə tərzinin stimullaşdırdığı sivilizasiyalararası qarşıdurmaların ağır fəsadlarından sığortalanmağın, milli dövlətçilik modellərini qoruyaraq, bəşəriyyətin inkişafını təmin edən multikultral fərqlilikləri gələcəyə daşımağın, regionda iqtisadi və siyasi baxımdan balans, etnososial və etnomədəni aspektdən isə harmoniya yaratmağın yeganə yolu qarşılıqlı faydalı əməkdaşlığın təşviqindən, kənar təsirlərdən sığortalanmaqla inkişaf etdirilməsindən keçir. Bu xüsusda SPECA-nın Bakıda keçirilən Zirvə Görüşünə qarşılıqlı münasibətlərin, həm də proqramın əhatə etdiyi coğrafiyadan daha geniş bir müstəvidə yeni və daha dinamik bir mərhələyə qədəm qoyması kontekstindən yanaşılmasının, daha doğru olduğu qənaətindəyəm.
Azərbaycanda keçirilən zirvə görüşü, BMT-nin xüsui proqramlarına real məzmun verilməsi baxımından da mühüm önəmə malikdir. Yəni Təhlüksəzilik Şurasında daim toqquşan və beynəlxalq təhlükəsizlik mexanizmlərini təhdid altına alan geosiyasi maraqların üz-üzə gəlmədiyi müstəvilərdə əməkdaşlıq modellərinin inkişafı, mahiyyət etibarilə Birləşmiş Millətlər Təşkilatının, bütövlükdə bir təsisat olaraq, əhəmiyyətini daha da artırır, müstəqil hüququn subyekti olan dövlətlərin bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin, kənar təsir və təzyiqlər olmadan formalaşmasına əlverişli zəmin yaradır. Bu isə son nəticədə ədalətli dünya düzəni və bərabərhüquqlu münasibətlər üçün qlobal iqtisadi-siyasi proseslərdə daha çox subyektin iştirakının təmin edilməsi baxımından önəm kəsb edir.
Elçin Mirzəbəyli siyasi şərhçi