Bakı. Trend:
Fransanın Afrika qitəsində hərbi işğalı zəifləyir.
Trend xəbər verir ki, bunu Fransa Qvianasının Sosial Azadlığı və Dekolonizasiyası uğrunda Hərəkatın üzvü Edel Tadal "Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər" adlı konfransda çıxışında deyib.
"Xalqımızın tam suverenliyinə çalışırıq. Bu gün Qviananın post-kolonial cəmiyyəti mövcud müstəmləkə sistemi tərəfindən qəsdən strukturlaşdırılmamış parçalanmış bir cəmiyyətdir. Xalqımızın əsas vəzifələrindən biri öz mədəniyyətinə yenidən qovuşmaqdan ibarətdir. Buraya müxtəlif, o cümlədən, mədəni assosiasiyalar tərəfindən təşəbbüslərin təşviqi daxil ola bilər. Bu tədbirlər insanları fiziki, əqli və mənəvi səviyyələrdə oyandırmağa kömək edir. Bu, zərərin qarşılanması və dekolonizasiya istiqamətində gələcək irəliləyişə doğru ilk addımdır", - Tadal deyib.
Onun sözlərinə görə, xüsusən gənclər arasında bilik və bacarıqları inkişaf etdirməyə davam etmək lazımdır, çünki gənclər ölkənin gələcəyidir.
Tadalın sözlərinə görə, bu gün Fransa peşəkar hazırlıq təklif etmək yolu ilə Qviana gənclərini cəlb etməyə çalışır ki, nəticədə onlar Fransa ordusuna qoşulsunlar.
Qeyd edək ki, Bakıda "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfrans Qoşulmama Hərəkatının (QH) Parlament Şəbəkəsi, Bakı Təşəbbüs Qrupu, eləcə də, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı (NAM Youth Organization) tərəfindən təşkil olunub.
(Tərcümə: Rəna Əbdürəhmanova)