...

Fransanın qərəzli mövqeyi siyasi əxlaqsızlığın və həyasızlığın son həddidir - Elçin Mirzəbəyli

Siyasət Materials 11 Yanvar 2024 20:20 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Fransa neokolonizminə qarşı sərgilədiyi prinsipial mövqe, müstəmləkəçiliyin bütün forma və təzhürlərinin aradan qaldırılması, eləcə də fransız müstəmləkələrinin Fransanın zülmündən xilas edilməsi müstəvisində nümayiş etdirilən ardıcıl siyasət, ölkəmizin, beynəlxalq münasibətləri sisteminin bütün istiqamətlərində olduğu kimi, bu sahədə də beynəlxalq hüququn norma və prinsplərini, fundsamental insan hüquq və azadlıqlarını bütün digər aspektlərdən üstün tutduğunu təsdiqləyir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, BMT Baş Assambleyasının “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməsinin qəbul edilməsindən 64 il keçməsinə baxmayaraq, Fransanın hələ də sözügedən sənədin tələblərinə əməl etməməsi, neokolonializmin rəsmi Parisin siyasi mahiyyətini təşkil etdiyini göstərir.

"Baş Assambleyasının “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməsində qeyd olunur ki, “xalqların yad boyunduruğuna və hökmranlığına tabe edilməsi və onların istismarı əsas insan hüquqlarının inkarıdır, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə ziddir və bütün dünyada əməkdaşlığın inkişafına və sülhün bərqərar olmasına mane olur”. Bəyannamədə BMT üzvü olan bütün dövlətlərin qarşısında müstəmləkəçiliyin hər cür forma və təzahürlərinə son qoyulması tələb olunur və bildirilir ki, müstəmləkələrdə yaşayan xalqlara “irqindən, dinindən və ya rəngindən asılı olmayaraq, heç bir şərt olmadan və ya qeyd-şərtsiz, tam müstəqillik və azadlıqdan istifadə etmək imkanı verilməlidir”.
Bunla yanaşı, BMT Baş Assambleyasının “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməsinə, bir sıra beynəlxalq sənədlərdə, o cümlədən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında”, “Aparteid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” və digər konvensiyalarda istinad olunaraq bildirilir ki, müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi kontekstində “azadlıq prosesini dayandırmaq və ya geri qaytarmaq mümkün deyil, insan ləyaqəti, tərəqqi və ədalət naminə müstəmləkəçiliyə və bütün əlaqəli seqreqasiya, ayrı-seçkiliyə son qoyulmalıdır”.
Sözügedən Bəyannamənin yerinə yetirilməsi istiqamətində 64 il öncə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəməyən, müstəmləkə ərazilərində mövcudluğunu qoruyub saxlamaq üçün kolonializmin yeni forma və təzahürlərinin tətbiqinə çalışan Fransanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərində həyata keçirdiyi, ölkə vətəndaşlarının təhlükəsizliyinə, humanizm prinsiplrinin, insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən legitim addımlarına qarşı sərgilədiyi qərəzli mövqe, yumşaq desək, riyakarlığın, siyasi əxlaqsızlığın və həyasızlığın son həddidir", - deyə siyasi şərhçi əlavə edib.

E. Mirzəbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına müsahibəsində qeyd etdiyi kimi, “bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir”, bu həqiqətləri tamamilə haqlı və ədalətli bir şəkildə beynəlxalq gündəliyə daşıyanlara qarşı isə, bütün resurslarından istifadöə edərək diskriminasiya siyasəti yürüdür. Şübhəsiz ki, bütün bunlar özünü “qlobal güc” kimi göstərmək üçün uğursuz manevrlərini davam etdirən Fransanın neomüstəmləkəçi siyasətinin ifşa olunmasına maneə yarada bilməz:

"Azərbaycan üçün, Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq, ədalət bütöv, kompleks anlayışdır və heç bir halda ayrı-ayrı dövlətlərin, xalqların maraqları kontekstindən şərh olunmamalıdır. Özünə münasibətdə ədaləti öz gücü və iradəsi bahasına təmin edən Azərbaycan müstəmləkəçiliyin boyunduruğundan xilas olmağa çalışan xalqlara öz dəstəyini ifadə etməklə, bütün dünyada ədalətin bərqərar olmasına çalışdığını, yalnız öz maraqlarından çıxış etmədiyini nümayiş etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti