Bakı. Trend:
Fevralın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesteni və nümayəndə heyətinin digər üzvlərini qəbul edib.
Trend xəbər verir ki, bu
barədə XİN məlumat yayıb. Məlumata görə, görüşdə TÜRKPA
çərçivəsində əməkdaşlıq məsələləri, habelə cari ilin 7 fevral
tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı
hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud
qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə
inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq,
dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar
və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament
diplomatiyasının əhəmiyyətini vurğulayıb. Türk dövlətləri arasında
müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və
beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa
təkan verdiyi diqqətə çatdırılıb.
Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri,
o cümlədən Xarici İşlər Nazirliyi tərəfindən görülən tədbirlər
barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov,
ilk dəfə bütün ərazilərimizdə suverenliyimizin bərpasından sonra
keçirilən bu seçki prosesinin tarixi əhəmiyyət kəsb etdiyini
bildirib. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin
təsis edildiyi diqqətə çatdırılıb.
Missiya rəhbəri Osman Mesten qardaş Azərbaycanın 44 günlük Vətən
müharibəsi nəticəsində əldə etdiyi zəfərdən, habelə tam
suverenliyinin bərpasından sonra ilk dəfə keçirilən Prezident
seçkilərini müşahidə etməkdən məmnunluq duyduğunu qeyd edib.
Keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın bundan sonrakı
inkişafında mühüm rola malik olacağına dair əminlik ifadə
olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.