Füzuli. Trend:
İşğaldan azad olunan Füzuli şəhərində məskunlaşan sakinlər, eləcə də, burada çalışanlar növbədənkənar Prezident seçkilərinin səsvermə prosesində ruh yüksəkliyi ilə iştirak edirlər. Onlar burada yaradılan 3 məntəqədə səs verirlər.
Trend xəbər verir ki, Füzulidə seçici fəallığı müşahidə edilir.
84 saylı Füzuli seçki dairəsində ümumilikdə 77 seçki məntəqəsi üzrə 54457 nəfər seçici var və seçki prosesini izləmək üçün 1020 müşahidəçi qeydə alınıb. Seçicilərdən 3619 nəfəri işğaldan azad olunan ərazilərdə qeydiyyata alınanlardır. Belə ki, seçkilərin davam etdiyi 77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhər sakinidir. 75 saylı seçki məntəqəsində 1351 nəfər, 76 saylı seçki məntəqəsində 976 nəfər qeydiyyata alınan seçicilər isə işğaldan azad olunan ərazilərdə çalışanlardır.
Füzuli şəhərində seçicilər arasında ilk dəfə səs verən gənclər də var.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.
Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.
Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.
Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.