...

Ermənistan eyni səhvləri müəyyən manevr və təqdimat fərqi ilə yenidən edir - RƏY

Siyasət Materials 27 Fevral 2024 15:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Xocalı şəhərində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər tarixi və mövcud reallıqları əks etdirməklə yanaşı, ölkəmizin Ermənistanla münasibətlərin perspektivi ilə bağlı dəyişməz mövqeyini ortaya qoyur.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, hələ 44 günlük müharibədən öncə Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin gələcəyinin olmadığını bəyan edir, Azərbaycan xalqının heç bir xarici təzyiq və təhdidlər qarşısında öz ədalətli mövqeyindən əl çəkməyəcəyini, bircə qarış torpağını da güzəştə getməyəcəyini bildirirdi.

"Ermənistanın öz ordusu və himayəçiləri haqqında yanlış təsəvvürləri, regionda və dünyada baş verən dəyişiklikləri, Azərbaycanın gücünü görməzdən gəlməsi və Prezident İlham Əliyevin obyektiv reallıqlara söykənən sülhpərvər bəyanatlarının arxasında dayanan amilləri nəzərə almaması 44 günlük müharibəyə və Ermənistan ordusunun acınacaqlı məğlubiyyətinə yol açdı. 2020-ci il noyabrın 10-da diz çökərək, ağ bayraq qaldıraraq, kapitulyasiya aktına imza atan Ermənistan, təəssüf ki, yenə də yaxın tarixin ibrətamiz dərslərindən nəticə çıxarmadı və xarici himayədarlarına, verilən vədlərə inanaraq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi, fərari qoşunlarının ərazilərimizdəki tör-töküntülərini geriyə çəkmək istəmədi, separatizmi stimullaşdırmağa, təxribatlar törətməyə davam etdi.

Azərbaycan bölgədə davamlı sülhə nail olmaq üçün 3 il ərzində Ermənistana və onun ölkəmizin ərazisindəki qanunsuz hərbi birləşmələrinə, dövlətimizə, xalqımıza qarşı saysız cinayətlər həyata keçirən separatçı-terrorçulara vaxt verdi və hər dəfə Ermənistanın birbaşa və dolayısı yolla iştirak etdiyi təxribatların qarşısını sərt cavab tədbirləri ilə almaqla, rəsmi İrəvanı, revanş hissi ilə yaşayan müharibə canilərini öz çirkin əməllərindən çəkinməyə çağırdı.

Bütün bunlardan yenə də nəticə çıxarılmaması Laçın dəhlizi üzərində, Ermənistanla sərhəddə nəzarət-keçid məntəqəsinin quraşdırılmasına, Laçın yolu üzərində nəzarətin bərpa edilməsinə və nəhayət, lokal hərbi tədbirlərin həyata keçirilməsinə yol açdı. Ermənistan Azərbaycan tərəfindən ona verilən 3 illik möhlətdən səmərəli istifadə etmək, regionda sülhə, əməkdaşlığa, təhlükəsizliyə töhfə vermək əvəzinə, ən müxtəlif müstəvilərdən ərazilərimizdəki separatçıların dirçəldilməsinə, ölkəmizin daxili işlərinə müdaxilə imkanlarının, de-fakto ərazi iddialarının hansısa qondarma “beynəlxalq təhlükəsizlik mexanizmləri” adı altında gerçəkləşməsinə çalışdı, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, ən müxtəlif səviyyələrdə Azərbaycana qarşı təzyiqlərin həyata keçirilməsinə cəhd göstərdi və Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, nüfuzu və diplomatik məharəti nəticəsində bütün bu cəhdlər iflasa uğradı".

E.Mirzəbəyli qeyd edib ki, mənzərə göz önündədir və yalnız ilğım təsəvvürlərə, gəlişigözəl sözlərə aldanıb özlərini xarici maraqların təkrar istifadəsinə verməyə çalışanlar bu mənzərənin fərqində olmaya bilərlər.

“Dövlətimizin başçısının qeyd etdiyi kimi, uzun illər boyu Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Amma geridə qalan zaman kəsiyi buraxılan səhvlərin nə qədər böyük olduğunu sübuta yetirdi və bütün bunlara baxmayaraq, eyni səhvlər, müəyyən manevr və təqdimat fərqi ilə yenidən edilməkdədir. Nəticəsi də, şübhəsiz ki, ən yaxşı halda Ermənistan üçün ənənəvi sonluqla bitəcək. Məhz bu səbəbdən, Prezident İlham Əliyevin dediyi kimi, “yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti