Bakı. Trend:
Azərbaycan Respublikası coğrafi baxımdan əlverişli “yaşıl enerji” potensialına malikdir və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır. Bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq Avropanın, eləcə də, dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilib.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji, həçminin, üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulub.
“Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Bərpa olunan enerji sahəsində Xəzər dənizinin nəhəng potensialı var və Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir.
Azərbaycan 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. 2023-cü ildə Azərbaycanda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyası istifadəyə verilib və bu cür yeni stansiyaların tikintisi davam edir”, - deyə deputat bildirib.
O qeyd edib ki, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
“Burada, ilk növbədə, külək və günəş enerjisi nəzərdə tutulur. Qarabağda 10-dan çox su elektrik stansiyasının yaradılması nəzərdə tutulur”, - deyə deputat bildirib.
S.Hüseynova vurğulayıb ki, Azərbaycan, o cümlədən, “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir.
Deputat əlavə edib ki, ölkəmizdə bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilib.
“2021-ci il 2 fevral tarixli sərəncam ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Beləliklə Azərbaycan dünyada enerji resurslarına artan tələbatın davamlı şəkildə ödənilməsinə, enerji təhlükəsizliyi, əlverişli enerji təchizatı və ekoloji sabitlik arasında tarazlığın yaradılmasına mühüm töhfə vermiş olur”, - deyə deputat əlavə edib.