...

Hər daşın altından müsəlman "çıxardanlar" - Qərbin QORXUNC TENDENSİYASI

Siyasət Materials 16 Aprel 2024 23:59 (UTC +04:00)
Hər daşın altından müsəlman "çıxardanlar" - Qərbin QORXUNC TENDENSİYASI
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskvadakı terror aktı yenidən təkrarlandı. Bu dəfə okeanın o tayında. Belə ki, "Krokus"-a bənzər hadisə 3 gün əvvəl Avstraliyada baş verib.

Şənbə günü - 13 aprel tarixində Avstraliyanın Sidney şəhərində ticarət mərkəzində dəhşətli bıçaqlanma hadisəsi baş verib. Bu hadisə adi, sıradan bir cinayət deyildi. Belə ki, sözügedən cinayət 40 yaşlı Avstraliya vətəndaşı Coel Kauçi tərəfindən törədilib.

C.Kauçi nə az-nə çox, 30 sm uzunluğunda ov bıçağı ilə 5 qadın və bir kişini bıçaqlayaraq öldürüb, 12 nəfər isə bu hücum zamanı yaralanıb. Əslində bu hadisə dünyada geniş vüsət alan islamofob meyilinin nə dərəcədə artdığını əyani olaraq ortaya qoymuş oldu.

Hər şey də Kauçinin altı nəfəri öldürdüyü hücumla bağlı dəhşətli təfərrüatların ortaya çıxmasından sonra daha çox aydınlaşdı. Dinc insanları bıçaqlayaraq qətlə yetirdikdən sonra bir polis əməkdaşını da öldürən C.Kauçinin atası jurnalistlərə müsahibəsində oğlunun ruhi xəstəlikdən əziyyət çəkdiyini və bu yaxınlarda dərmanlarını qəbul etməyi dayandırdığını bildirib.

Yeni Cənubi Uels polisi hücumun motivinin aydın olmadığını, lakin bunun nifrət cinayəti və ya terrorizmlə əlaqəli olduğuna dair heç bir əlamətin olmadığını bildirib. Lakin Avstraliya mediasında və sosial şəbəkə hesablarında bu qanlı olayın fərqli şərhləri diqqətdən qaçmadı.

Avstraliya cəmiyyətində geniş rezonansa səbəb olan bu hadisə sonrası sosial mediada təcavüzkarın müsəlman və ya yəhudi olması, eləcə də siyasi ideologiyalar tərəfindən motivasiya edildiyi ilə bağlı dezinformasiya internetdə geniş yayılmağa başladı. Bu cür reaksiya tərəddüdsüz, Avstraliya cəmiyyətində müsəlmanlara qarşı qərəz və ayrı-seçkiliyin daha geniş mənzərəsini əks etdirir. Hadisədən sonra, hücumun müsəlman və ya yəhudilərlə əlaqələndirilməsinə dair sübutların olmamasına baxmayaraq, yalan iddialar və islamafobiya ittihamları sürətlə yayıldı.

Bu artıq tendensiya halını almağa başlayıb. Belə ki, dünyanın harasında baş verməsindən asılı olmayaraq törədilən istənilən kütləvi cinayət hadisəsinin arxasında islam, müsəlman izi axtarmaq islamofobiya təzahüründən başqa bir şey ola bilməz. Sözügedən hücum sonrası Avstraliya ictimaiyyəti arasında olayı başqa yerlərə çəkmək meyilləri islamofobiyanın artması və dünyada bu istiqamətdə vəziyyətin getdikcə pisləşməsinin növbəti təsdiqidir.

Son vaxtlar demokratik dəyərlərin daşıyıcısı adlandırılan bəzi Qərb cəmiyyətlərində islamofobiyanın sürətlə yayıldığı hər kəsə bəllidir. Təəssüflər olsun ki, islamofobiya media tərəfindən təbliğ edilir və getdikcə sözügedən cəmiyyətlərdə müxtəlif ekstremist qrupların şüarlarına daxil edilir. Məsələn, Fransada islamofobiya təkcə cinayətlərə nifrət və ayrı-seçkiliklə məhdudlaşmır, həm də yerli müsəlmanların gündəlik həyatına təsir göstərir.

Fransada bir çox müsəlman məşğulluq və əməkhaqqı məsələsində ayrı-seçkilik və ədalətsiz rəftarla üzləşir ki, bunlar da getdikcə daha çox yayılır. Xüsusilə müsəlman qadınlar hicabları və dini baxışlarına görə təhsil və iş sahəsində çətinliklərlə üzləşirlər. Eyni zamanda bəzən bir sıra ölkələrdə, Qərb cəmiyyətlərində demokratiyanın gücləndirilməsi adı altında qəbul edilən yeni qanunlar dini etiqad azadlığını ciddi şəkildə pozur.

İslamofobiyanın bu cür hadisələri zərərli stereotipləri davam etdirməklə yanaşı, həm də müsəlman icmalarının marginallaşmasına səbəb olur. İslamofobiya ilə mübarizə yanlış məlumatla mübarizə, qarşılıqlı anlaşmanın təşviqi və Avstraliya kimi cəmiyyətlərdə inklüzivliyin və müxtəlifliyə hörmətin təşviq edilməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti