...

Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib - Kamaləddin Qafarov

Siyasət Materials 15 İyun 2024 12:00 (UTC +04:00)
Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib - Kamaləddin Qafarov

Bakı. Trend:

Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı qürur səhifələrindən biridir. Dövlət müstəqilliyimizin bərpa olunmasından sonra keçən ilk iki il ərzində ölkəmizin üzləşdiyi ciddi iqtisadi problemlər getdikcə qarşısıalınmaz xaotik proseslərin başlanmasına yol açmışdı. Bu vəziyyət isə öz növbəsində, respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ilə uzlaşaraq ölkəni siyasi böhrana gətirib çıxarmışdı. Vətəndaş müharibəsi, ölkənin bir neçə kiçik marionet dövlətlərə parçalanması və Azərbaycanın vahid suveren ölkə olaraq dünyanın siyasi xəritəsindən silinməsi xalqı gözləyən real perspektivlər idi.

Bu sözləri Trend-ə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat xatırladıb ki,belə bir ağır məqamda Azərbaycan xalqı yeganə düzgün qərar qəbul edərək öz taleyini Heydər Əliyevə etibar etdi. “ Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqının parçalanması, Azərbaycan dövlətçiliyinin məhvi, Azərbaycan iqtisadiyyatının dağılması proseslərini dayandırmağa nail oldu. Beləliklə, 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü və iyunun 15-də Respublikanın Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi ilə ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələyə keçid dövrü başlandı.

K.Qafarov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə dövlət müstəqilliyimizi gərgin səyləri bahasına qoruyub-saxladığı kimi, sovetlər dönəmində də bu müstəqilliyin ideoloji-siyasi əsaslarını hazırlamaq üçün uzun illər boyunca məqsədyönlü fəaliyyət göstərmişdir: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dövrdə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması məqsədilə tarixi əhəmiyyət kəsb edən işlər görülmüşdür. 1969-cu ilədək SSRİ-nin tərkibində ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya olan Azərbaycan həmin ilin iyul ayında- Heydər Əliyevin respublika rəhbərliyinə seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər nəticəsində sürətli inkişaf yoluna çıxdı. Ulu Öndər siyasi hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində mühüm addımlar atmağa başladı. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey ən ciddi faktor rolunu oynadı. Qeyd olunmalıdır ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin bir qismi də məhz həmin liseyin yetirmələri oldular. 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi.”

K.Qafarov bu gün ölkəmizin əldə etdiyi parlaq qələbələrin əsasında məhz Heydər Əliyev ideyalarının durduğunu da qeyd edib: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan hərtərəfli və sürətli inkişaf mərhələsini yaşamaqdadır. Dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasət strategiyası Azərbaycanın getdikcə qüdrətlənməsini effektiv şəkildə təmin edir. Son 21 il ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, dünya ölkələri arasından tutduğu mövqeyinə və sahib olduğu nüfuzuna görə güclü, qüdrətli bir dövlətə çevrilib. Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində, dünyada və Avropada etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi tanınır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi. Keçən il isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu. Ulu Öndərin hər zaman məhz belə görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan öz xilaskar oğlunu daim qəlbində yaşadacaq” .

Xəbər lenti

Xəbər lenti