...

Erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur edən antiterror əməliyyatı - ŞƏRH

Siyasət Materials 19 Sentyabr 2024 13:51 (UTC +04:00)
Erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur edən antiterror əməliyyatı - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Antiterror tədbirləri Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi kimi yazıldı. Qarabağda keçirilən lokal antiterror əməliyyatları nəticəsində Azərbaycan bütün suveren ərazilərində nəzarəti bərpa edərək separatçılığın kökünü kəsdi, Ermənistanın və havadarlarının ümidlərini puç etdi.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev və deputat Ceyhun Məmmədov məsələ ilə bağlı Trend-ə açıqlama verib.

B.Əliyev bildirib ki, bu gün bir əvvələ nəzər salanda Azərbaycan dövləti və xalqı üçün olduqca əhəmiyyətli tarixi hadisə olan 19-20 sentyabr 2023-cü ildə silahlı qüvvələrimiz tərəfindən 23 saat ərzində həyata keçirilən antiterror tədbirlərini qürurla qeyd etməliyik. Çünki bu tədbirlər nəticəsində Azərbaycanda erməni separatizminin kökü birdəfəlik kəsildi, bölgədə sülhün və sabitliyin əsası qoyuldu.

O qeyd edib ki, antiterror tədbirləri Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tam bərqərar etdi:

"Halbuki 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan Respublikasının 9 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya aktı ilə bu məsələ həll edilməli idi. Amma Ermənistandakı revanşistlər və onlara rəhbərlik edən cinayətkar ünsürlər olan Robert Köçəryan, Serjik Sərkisyan və digərləri, həmçinin, onların havadarları yenidən müharibəyə başlamağı və Azərbaycanın suveren ərazisinin bir hissəsini işğal etmək istəyirdilər.

Bunu təkcə onların müharibə çağırışları deyil, həm də imzalanmış kapitulyasiya aktından sonra da Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin mövcudluğu təsdiq edirdi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər.

Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Lakin Azərbaycanın sülh və barış üçün təklif etdiyi beş prinsip əsasında danışıqlar aparmaq, Sülh müqaviləsi imzalamaq əvəzinə Ermənistan ona havadarlıq edən dövlətlərin dəstəyi və təhriki ilə suveren ərazilərimizdə öz silahlı qüvvələrinin sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul oldular.

Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Ardıcıl olaraq hərbi təxribatlar törətdilər. Bu azmış kimi Ermənistan silahlı qüvvələri 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaları “müxtəlif yollarla” Azərbaycana gətirərək Qarabağda minalama fəaliyyətini davam etdirdilər".

B.Əliyev vurğulayıb ki, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi:

"Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı.

Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi.

Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də tankları, zenit-raket kompleksləri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Sentyabrın 28-də isə Azərbaycanın Xankəndi şəhərində yuva salmış separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Azərbaycanın Qarabağ iqtisadi zonasını quldur yuvası çevirmiş qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli bayrağımızı yüksəltdi, ərazi bütövlüyünü tam bərpa edərək Azərbaycanın Zəfər tarixinin yeni səhifəsini yazdı. Zaman bir daha göstərdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının və dövlətinin maraqlarına, sulun və inkişafın, bölgədə təhlükəsiz birgəyaşayışın təmin edilməsinə yönəlmişdir.

Azərbaycan xalqı və ölkədə fəaliyyət göstərən siyasi partiyalar Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti dəstəkləyir və onun ətrafında Dəmir yumuruq kimi birləşmişdir. Bu birliyi heç bir qüvvə sarsıda bilməz! Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə, xalqımızın təhlükəsiz və xoşbəxt həyatına qarşı yönələn istənilən qüvvə dərhal və qətiyyətlə yerindəcə məhv ediləcəkdir!

Bu gün Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün, sabitliyin və tərəqqinin qarantı və hərəkətverici qüvvəsidir. Bütün məsələlərin həllində Azərbaycanın mövqeyi nəzərə alınmalı və onunla birlikdə həll edilməlidir. Bu amili nəzərə almayan istənilən təşəbbüs iflasa məhkumdur".

Məclisin deputatı Ceyhun Məmmədov isə Trend-ə deyib ki, Ermənistan Vətən müharibəsi başa çatdıqdan sonra imzalanan üçtərəfli Bəyanat üzrə öhdəliklərini qətiyyən yerinə yetirmirdi.

"Onların arasında, xüsusilə də erməni silahlılarının ölkəmizin ərazilərindən çıxarılmaması Azərbaycanı dərindən narahat edirdi. Ermənistan isə silahlı birləşmələrini ərazilərimizdən çıxarmaq əvəzinə orada şəxsi heyət, zirehli vasitələr, artilleriya qurğuları saxlayırdı. Həmçinin həmin ərazilərə müharibədən sonra Ermənistanda istehsal olunan minalar daşınırdı. Burada məqsəd separatçı rejimin Azərbaycan Ordusuna qarşı müqavimətini gücləndirmək idi", - o qeyd edib.

Deputat bildirib ki, Ermənistandan Azərbaycan ərazilərinə göndərilən minalarla itkilərimiz davamlı olaraq artırdı.

“Bütün bunları nəzərə alan ölkəmizin xəbərdarlığına və bəyanatlarına məhəl qoymayan separatçı rejim və onu dəstəkləyən Paşinyan komandasının cəzalandırılması üçün Azərbaycan antiterror tədbirlərini həyata keçirmək qərarını verdi. Bu antiterror tədbirləri Azərbaycan ərazilərində mövcud olan erməni silahlılarından min nəfərdən çoxunun məhv edilməsi və ya yaralanması ilə nəticələndi.

Qəhrəman Azərbaycan Ordusu cəmi bir gün ərzində yüzlərlə kvadratkilometr işğal altındakı ərazimizi azad etdi, düşmənin 65-ə yaxın zirehli və zirehsiz vasitələrini, avtomobil texnikasını sıradan çıxardı.

Ordumuz düşmənin döyüş texnikalarını, artilleriya vasitələrini, xüsusi texnikalarını qənimət olaraq ələ keçirdi. Bundan başqa, ermənilər atıcı silahlarını və onlara aid milyonlarla sursatı da döyüş meydanında atıb qaçdı.

2020-ci ildə baş verənlərdən Ermənistan nəticə çıxarmadı. İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti