Bakı. Trend:
Qubadlının işğaldan azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. 30 ilə yaxın müddət ərzində erməni işğalı altında qalan Qubadlının 44 günlük Vətən müharibəsində şanlı ordumuz tərəfindən azad edilməsi xalqımıza növbəti böyük qələbə sevinici yaşatdı.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Qubadlı işğal dövründə ermənilər tərəfindən böyük dağıntılara məruz qalıb.
“İşğal nəticəsində rayonda 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır”, - deyə deputat bildirib.
A.Həsənova qeyd edib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.
“Qubadlının işğaldan azad olunması ordumuzun yüksək peşəkarlığı sayəsində mümkün oldu. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Çünki şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə də ordumuz yüksək peşəkarlıq göstərərək ilk növbədə strateji yüksəklikləri azad edərək oktyabrın 25-də şəhəri düşməndən təmizlədi. Qubadlının azad edilməsi düşmənə böyük zərbə oldu və müharibənin gedişatında dönüş nöqtəsi yaratdı”, - deyə deputat əlavə edib.
A.Həsənova bildirib ki, bütün işğaldan azad edilmiş ərazilərdə olduğu kimi Qubadlıda da sürətli bərpa və quruculuq işləri həyata keçirilir.
“Öz sahibləri qayıdıb və Qubadlı yenidən dirçəlir, Qubadlının yeni inkişaf tarixi başlanıb. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən olub.
Bu ilin sonunadək Qubadlı rayonunun iki kəndinə ilk köç nəzərdə tutulub. İnsanlarımız uzun illərin həsrətindən sonra öz dogma yurdlarına geri dönəcəklər və Qubadlı Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevriləcək”, - deyə deputat əlavə edib.