...

Erməni simasının üç üzü: Ter-Petrosyan, Koçaryan, Sarqsyan

Siyasət Analytics 6 Yanvar 2025 09:28 (UTC +04:00)
Erməni simasının üç üzü: Ter-Petrosyan, Koçaryan, Sarqsyan
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Etnik təmizləmə - sadəcə vəhşilik deyil, bu, insanlığa qarşı açıq-aşkar bir təhdiddir. Dünyanın gözləri qarşısında həyata keçirilən və millətlərarası birgəyaşayışı məhv edən bu siyasət, Ermənistanın müstəqilliyindən bəri dövlətin əsas siyasi xəttinə çevrilib. Onilliklər ərzində Ermənistan liderləri bu qanlı siyasətin müəllifləri kimi çıxış edib, onu nəinki gizlətməyib, hətta açıq şəkildə etiraf ediblər. Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyan - bu üç ad yalnız bir dövlətin deyil, bir xalqın vicdanını ləkələyən qaranlıq səhifənin simvollarına çevrilib.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan, "milli azadlıq hərəkatı" adı altında törədilən cinayətləri açıq şəkildə tərifləyən bir şəxs kimi yadda qalıb. 1993-cü ildə terrorçu "Yerkrapa" dəstəsinin üzvləri qarşısında çıxış edərkən o, demişdi: "Ermənistan və "Artsax" digər millətlərdən tamamilə təmizləndi. Təkrar edirəm, bu, altı yüzillik bir problemdir. Bunun əhəmiyyətini erməni xalqı daha 600 il hiss edəcək."

Bu sözlər öz açıqlığı ilə dəhşət doğurur. Ter-Petrosyanın çıxışı göstərir ki, Ermənistanın Qarabağdakı mövcudluğu məhz azərbaycanlıların kütləvi şəkildə məhv edilməsi və ya qovulması ilə təmin olunub. O, hətta Zəngəzur, Vardenis, Masis və digər bölgələrdə azərbaycanlıların demoqrafik üstünlüyünü "təhlükə" kimi qiymətləndirib və bu "təhlükənin" Ermənistan silahlı dəstələri tərəfindən "uğurla həll edildiyini" vurğulayıb.

Ermənistanın ikinci prezidenti Robert Koçaryan, etnik təmizləməni daha irəliyə apararaq onu "etnik uyğunsuzluq" kimi təqdim etməyə çalışıb. 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Koçaryan demişdi: "Ermənilər və azərbaycanlılar etnik cəhətdən uyğun gəlmir".

Bu bəyanat, ermənilərin Azərbaycanın Qarabağ bölgəsindən və ətraf rayonlardan zorla çıxarılmasını qanuniləşdirmək üçün uydurulmuş bir nəzəriyyədir. Koçaryanın bu ifadəsi, minlərlə insanın qətlini, yüz minlərlə insanın qaçqın vəziyyətinə düşməsini "zəruri addım" kimi təqdim edən bir ideologiyanın əsasını qoyub.

Ancaq bu siyahıda ən sərt və soyuqqanlı lider, şübhəsiz ki, Serj Sarqsyandır. Onun Xocalı faciəsinə dair açıqlaması təkcə Azərbaycanın deyil, dünyanın vicdanını sarsıtdı. Britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibədə Sarqsyan, Xocalı qətliamını belə təsvir edib: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Biz bunu dəyişə bildik."

Bu ifadə Xocalıda 613 insanın, o cümlədən qadınların, uşaqların və yaşlıların qətliamının Ermənistanın məqsədyönlü bir terror aktı olduğunu açıq şəkildə təsdiqləyir. Sarqsyanın sözləri, etnik təmizləmənin yalnız bir strategiya deyil, həm də siyasi alət olduğunu göstərir. Bu, insanlığa qarşı yönəlmiş bir cinayətin qəsdən həyata keçirildiyinin etirafıdır.

Ter-Petrosyan, Koçaryan və Sarqsyanın bəyanatları Ermənistanın etnik təmizləmə siyasətini gizlətmədiyini, əksinə, onu dövlət ideologiyasına çevirdiyini təsdiqləyir. Bu gün dünya birliyi, bu cür cinayətlərin qarşısını almaq üçün ciddi tədbirlər görməlidir. Əks halda, beynəlxalq hüququn mənası itir, ədalət isə siyasi maraqların kölgəsində qalır.

Azərbaycanın beynəlxalq platformalarda apardığı mübarizə, yalnız tarixi həqiqətlərin bərpası deyil, eyni zamanda bəşəriyyətin gələcəkdə bu cür faciələrdən xilas edilməsi məqsədini güdür. Ermənilərin bu qanlı siyasətini unutmaq mümkün deyil və unudulmamalıdır. Çünki Xocalı, Zəngəzur və Qarabağda baş verənlər, insanlığa qarşı cinayətin ən açıq nümunəsidir. Tarix bu cinayətlərin cəzasız qalmasına imkan verməməlidir. Bu, yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin vicdan məsələsidir.

Bu gün dünya bu sözlərə diqqətlə baxmalıdır. Ermənistanın dövlətçiliyini göz yaşı və qan üzərində qurduğu bir dövrün şahidiyik. Amma bu "zərgər işi" Levon Ter-Petrosyanın dediyi kimi, geridə nə qoydu? Vəhşət, dağıdılmış məscidlər, xəritədən silinmiş kəndlər və yurdlarından qovulmuş yüz minlərlə günahsız insan...

Ancaq bu dağıntıların içindən heç vaxt sönməyən bir müqavimət çıxdı - Azərbaycan xalqının iradəsi və qətiyyəti.

Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır. Bu həqiqəti bütün dünya bilməlidir. Onların özləri tərəfindən deyilmiş sözlər, törədilmiş cinayətlər, tör-töküntüyə çevrilmiş kəndlər bir həqiqəti üzə çıxarır: Ermənistan yalan, etnik nifrət və saxta tarixi iddialar üzərində qurulmuşdur. Amma belə bir yalan imperiyası həqiqətin qarşısında dayana bilməzdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək, erməni işğalçılarının məğlubedilməzliyi mifini yerlə yeksan etdi.

Tarix bizə öyrədir ki, ədalət bəzən gec gələ bilər, amma mütləq gəlir. Bu gün Qarabağ Azərbaycandır. Sabah isə tarixi ədalət Zəngəzurda bərpa olunacaq. Bu, təkcə siyasi bəyanat deyil, faktlara və əməllərə söykənən bir inamdır. Azərbaycan ordusunun gücü, xalqının iradəsi və dövlətinin qətiyyəti bunu təsdiqləyir.

Ermənistanın liderləri özlərini qurban kimi göstərməyə çalışsalar da, tarix onların cinayətlərinin şahididir. Onların dediyi hər söz, etiraf etdiyi hər cinayət silinməz bir iz qoyub. Bu sözlər onların tarixdəki qaranlıq kölgəsi, məğlubiyyətlərinin sarsılmaz bir hissəsidir.

Və hər bir söz, hər bir cinayət, hər bir dağıdılmış kənd Azərbaycanın iradəsini daha da gücləndirir. Azərbaycan haqq və ədalət yolunda irəliləyərək, bu gün dünyaya öz gücünü göstərir.

Qarabağ - Azərbaycandır!

Bu həqiqət yalnız dillərdə deyil, döyüş meydanlarında, azərbaycanlıların qəlbində və gec də olsa, mütləq qələbə çalan ədalətdə həkk olunub. Bu, təkcə Azərbaycanın deyil, bəşəriyyətin haqq-ədalət qələbəsidir.

Xəbər lenti

Xəbər lenti