...

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırıb

Siyasət Materials 17 Mart 2025 14:05 (UTC +04:00)
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Məlum olduğu kimi, Ermənistanın 1987-ci ildə Qafan rayonunda azərbaycanlılara qarşı törətdiyi zorakılıq ilə başlayaraq, otuz ildən artıq davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan Respublikasına külli miqdarda ziyan vurulmuş və azərbaycanlılar böyük müsibətlərə düçar olublar.

Trend xəbər verir ki, bu barədə məlumat Qərbi Azərbaycan İcmasının bəyanatında öz əksini tapıb.

"Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə münaqişə arxada qalmış və bölgədə qalıcı sülhün və ədalətin bərqərar olması üçün imkan yaranıb. Məhz Azərbaycan Respublikasının təşəbbüsü ilə iki dövlət arasında bu məsələlər üzrə siyasi proses başlayıb.

Bu günlərdə xəbər verildiyi kimi, münasibətlərin qaydaya salınması üzrə çoxsaylı mövzuların bir qismini əhatə edən saziş layihəsi üzrə danışıqlarda Ermənistan Azərbaycanın açıq qalan iki maddə üzrə təkliflərini qəbul edib", - deyə bəyanatda bildirilir.

Qeyd edilir ki, lakin bu, kifayət deyil və Ermənistan tərəfi qalıcı sülhün və ədalətin bərqərar olunması üçün qalan digər məsələlər üzrə də öz üzərinə düşəni etməlidir.

"Bunların sırasına Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmaq, maneəsiz tranzit öhdəliyini yerinə yetirmək, Azərbaycana qarşı ərazi iddialarını öz konstitusiyası və qanunlarından çıxarmaq, ATƏT-in Minsk Qrupunun ləğv olunması üçün müraciət göndərmək, Azərbaycan ərazilərini işğal etməsinə, ona külli miqdarda ziyan vurmasına və azərbaycanlılara qarşı zorakılıq törətməsinə görə məsuliyyətini etiraf etmək, təzminat ödəmək, öz ərazisində qondarma rejimin bütün “təsisatları”nı ləğv etmək, hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymaq, silahlanma proqramını dayandırmaq və aldığı silahları geri qaytarmaq daxildir.

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti öz üzərinə düşənləri yerinə yetirmək üçün Ermənistana təzyiq etməyə çağırır", - deyə bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti