...

Biz mehriban qonşuluq platforması qurmalıyıq - Rəssam Ağaəli İbrahimov "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)

Siyasət Materials 17 Aprel 2025 11:53 (UTC +04:00)
Biz mehriban qonşuluq platforması qurmalıyıq - Rəssam Ağaəli İbrahimov "Tofiq Abbasovla dialoq" verilişində  (FOTO/VİDEO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq” analitik verilişinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verir ki, proqramın budəfəki qonağı Azərbaycanın xalq rəssamı, Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov olub.

Söhbət zamanı İbrahimov cəmiyyətin həyatında incəsənətin oynadığı rolla bağlı dərin düşüncələrini, habelə faciəvi hadisələr və milli zəfərlə bağlı xatirələrini bölüşüb, eyni zamanda, mədəniyyət, sülh, mehriban qonşuluq mövzularına toxunub.

Verilişin əvvəlində İbrahimov ətraf mühitin təkcə onun şəxsiyyətinə deyil, həm də yaradıcılığına böyük təsir göstərdiyini diqqətə çatdırıb. O qeyd edib ki, rəssam – təkcə fırça ustası deyil, o həm də hər bir əl hərəkəti ilə daxili iztirablarını və həyəcanlarını ötürə bilən ruhu olan insandır.

“Sən yaratmaq, yemək, söhbət etmək istəyirsən, ancaq sənin əllərini məhz ruh hərəkətə gətirir. Rəssam xalqın acısını duyur. Mənim üçün Qarabağ - sadəcə bir torpaq deyil. O, bir şərəfdir, həyəcandır, hər zaman mənimlə qalan ağrıdır”, - deyə o bildirib.

Söhbətin əsas mövzularından biri İkinci Qarabağ müharibəsi ilə bağlı xatirələr olub. Ağaəli İbrahimov Azərbaycan xalqının, o cümlədən, diasporun bir yumruq kimi birləşməsinin böyük zəfərə yol açması barədə həyəcanla danışıb.

“Biz bir yumruq kimi idik. Hətta ölkə xaricində yaşayan insanlar da özlərini bu savaşın bir parçası kimi hiss edirdilər. Bu sadəcə bir irəliləyiş deyildi, bu, tarixi qələbə idi”, - deyə rəssam bildirib.

O, həmçinin, azərbaycanlı rəssamların şəhidlərin onlarla portretini çəkib qəhrəmanların ailələrinə bağışlamasından söz açıb. Təsirli epizodlardan biri də odur ki, bir kişi uşağı ilə portretlərin qarşısında dayanır, qadın isə həyat yoldaşının şəkildə təsvir olunmuş üzünü sığallayır. "Bunu sözlə ifadə etmək mümkün deyil", — deyə o, emosiyalarını boğaraq əlavə edib.

Mədəniyyət siyasətindən danışan İbrahimov ümummilli lider Heydər Əliyevin vaxtilə hər bir sənət əsərinə xüsusi diqqət yetirirdiyini xatırladıb.

"O deyirdi: "Təkcə acını yox, qəhrəmanlığı da göstərin".

Rəssamın sözlərinə görə, bu çağırış bu gün də aktuallığını saxlayır.

"Sənət gələcəyə tramplindir. Biz keçmişimizi – musiqimizi, ədəbiyyatımızı, ənənələrimizi bilməliyik. Əks halda, irəli gedə bilmərik",- deyə o, gənclərin mədəni maarifləndirilməsinin vacibliyini vurğuladı.

O, həmçinin, beş yaşdan başlayaraq uşaqlar üçün təşkil edilən genişmiqyaslı sərgilərdən də danışdı. "Uşaq hələ hər şeyi başa düşməsə belə, valideynlər ona kömək edir. Uşaq isə çəkir — və beləcə artıq sülhü təbliğ etmiş olur", — İbrahimov vurğulayıb.

Sülhdən danışarkən rəssam qeyd edib ki, siyasi gərginliklərə baxmayaraq, bir çox xalqlar və ayrı-ayrı insanlar qonşuluq münasibətlərini və qarşılıqlı anlaşmanı bərpa etməyə can atırlar.

“Allah pis xalq yaratmır. Düzdür, paxıllıq var, siyasət var, amma sevgi də var. Elələri var dost olmaq istəyir. Amerikada yaşayan ermənilərin çoxu Bakı üçün göz yaşı tökür. Və belə deyirlər. “Bu, bizim həyatımız idi” , -deyə A.İbrahimov vurğulayıb.

Bununla belə, o, Ermənistan rəhbərliyinin seçdiyi yolun ölkəni uçuruma yuvarlandırdığını təəssüflə qeyd edib

“Qeyri-sabitlik, xaos, yeni hərbiləşmə - bu axırı olmayan bir yoldur”, - deyə İbrahimov vurğulayıb.

Söhbətin sonunda rəssam bildirib ki, əsl sənət adamı haqqa biganə qala bilməz. O görür, hiss edir və yaradır – bununla da insanlara nur və ümid gətirir.

“Uşaqları nifrət içində tərbiyələndirmək yolverilməzdir. Bu, gələcəyə aparan yolun minalanmasına bənzəyir. Biz isə sözün həqiqi və məcazi mənasında mina sahəsinin nə olduğunu bilirik. Biz mehriban qonşuluq platforması, insanlıq platforması qurmalıyıq”, - deyə Ağaəli İbrahimov bildirib.

Veriliş rəssamın gələcəklə bağlı nikbin gözləntiləri ilə yekunlaşıb:

“Mən hər şeyin yaxşı olacağına inanıram. Biz birik. Bizim gücümüz elə bundadır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti