...

İslamofobiya ilə mübarizə üçün müxtəlif qruplar arasında dialoq vacibdir - Vladimir Fekete

Siyasət Materials 26 May 2025 14:31 (UTC +04:00)
İslamofobiya ilə mübarizə üçün müxtəlif qruplar arasında dialoq vacibdir - Vladimir Fekete
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İslamofobiya ilə mübarizə üçün müxtəlif qruplar arasında dialoq vacibdir.

Trend xəbər verir ki, bunu Katolik kilsənin Azərbaycandakı apostolik prefekti, yepiskop Vladimir Fekete Bakıda keçirilən “İslamafobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.

“Bu, artıq islamofobiya ilə mübarizəyə həsr olunmuş üçüncü beynəlxalq konfransdır. Bu konfrans alimləri, dini liderləri, siyasətçiləri, iqtisadçıları bir araya gətirir. Mənim fikrimcə, burada əsas məqam dialoqun vacibliyini vurğulamaqdır. Çünki əgər hər kəs öz qrupuna qapanacaqsa – "mən müsəlmanam və xristianlarla, yəhudilərlə heç bir iş görmək istəmirəm" və ya əksinə – "mən yəhudiyəm və müsəlmanlarla danışmaq istəmirəm", bu, heç bir nəticəyə aparmır. Belə qapalı düşüncə tərzi heç kimə fayda verməz”, – deyə o bildirib.

Fekete vurğulayıb ki, konfransda yalnız müsəlmanlar deyil, xristianlar və yəhudilər də iştirak edir və bu, mürəkkəb məsələləri müzakirə etməyə və təcrübə mübadiləsi aparmağa imkan yaradır.

“Bu, bir daha göstərir ki, sadəcə məlumatın verilməsi kifayət deyil — məhz dialoq vacibdir. Azərbaycan bu baxımdan nümunə göstərir: burada din xadimləri və adi insanlar arasında daim qarşılıqlı əlaqə mövcuddur”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, əgər müxtəlif qruplar arasında qorxu, inamsızlıq varsa, qarşılıqlı hörmət və bir-birini anlamaq istəyi yoxdursa — heç bir irəliləyiş olmayacaq.

“Konfrans islamofobiyaya həsr olunub, amma hamıya aydındır ki, dünyada anti-semitizm də, xristianlığa qarşı qərəz də mövcuddur. Odur ki, əgər biz — müsəlmanlar, xristianlar, yəhudilər — burada bir araya gəlib bu dözümsüzlük formalarının nəticələrini müzakirə edə biliriksə, ola bilsin, birgə çıxış yolu tapa bilərik. Əgər insanlar bir-birinə hörmət etməyi, başqalarının nailiyyətlərini qiymətləndirməyi öyrənsələr,bilməlidirlər ki, gələcəyə aparan yol məhz budur”, - deyə o vurğulayıb.

Fekete, həmçinin, Ağdama səfər etdiyini və dağıntıların nəticələrini görməyin onun üçün ağır olduğunu bildirib.

“Nifrətlə və ya affekt vəziyyətində olan insan başqalarına məxsus olan və onlar üçün dəyərli bir şeyi məhv edirsə - bu, ya tərbiyənin olmamasına, ya da insan münasibətinin itirilməsinə dəlalət edir”, - deyə o qeyd edib.

Dağıdılmış ərazilərin bərpası ilə bağlı suala cavab verən Fekete Azərbaycanın səylərini yüksək qiymətləndirib.

“İndi əvvəllər şübhə ilə yanaşanların, tərəddüd edənlərin Şuşa şəhərinə gedib, 30 il işğal altında qalmış əraziləri görmək və onların əvvəl necə olduğunu, indi isə necə dəyişdiyini müqayisə etmək imkanı var”, - deyə o bildirib.

Sonda yepiskop əminliklə bildirib ki, Azərbaycan ilə Vatikan arasındakı münasibətlər bundan sonra da möhkəmlənməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti