Bakı. Trend:
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm Əl-Qeys iyun ayının əvvəlində Bakı Enerji Həftəsində iştirak məqsədilə Azərbaycana səfər edəcək.
Trend xəbər verir ki, o, sayca 30-cu olan Yubiley “Baku Energy Forum”unda iştirak edəcək.
Qeyd edək ki, forum 3–4 iyun tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək və sənayenin aparıcı nümayəndələrini strateji fikir mübadiləsi üçün bir araya gətirəcək.
Bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” 30 illik yubileyini qeyd edir. Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.
“Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.