...

Sülh yolunda atılan ən vacib addım

Siyasət Materials 9 Avqust 2025 17:36 (UTC +04:00)
Sülh yolunda atılan ən vacib addım

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir.

1988-ci ildən bəri Ermənistan və Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsi illər boyu regional və beynəlxalq səylərlə həll edilməyə çalışıls da, davamlı sülh sanki əlçatmaz idi. Ancaq 2025-ci ilin avqust ayında, Vaşinqtonda keçirilən sammitdə üçtərəfli razılaşmanın imzalanması bu qalıcı ayrılığı sona yetirmək yolunda tarixi bir dönüş nöqtəsi sayılır.

Ağ Evdə keçirilən bu üçtərəfli sammitin təşkilinə qədər ABŞ, Azərbaycan və Ermənistan rəsmiləri bir neçə ay boyunca qapalı danışıqlar aparıblar. Vaşinqtonun vasitəçiliyi ilə aparılan prosesin əsas məqsədi, yalnız hərbi əməliyyatların qarşısını almaq deyil, həm də tərəfləri tam şəkildə iqtisadi və diplomatik əməkdaşlıq müstəvisinə keçirmək idi. Bu baxımdan, bəyannamə təkcə atəşkəsin təsdiqi deyil, həm də strateji əməkdaşlıq sənədi kimi dəyərləndirilir. Belə ki, Ermənistan-Azərbaycan münaqişəsi hüquqi-siyasi baxımdan tam bağlanır, hərbi əməliyyat aparmamaq öhdəliyi götürülür. Dövlətlər arasında yarana biləcək bütün mübahisələr dövlətlərin ərazi bütövlüyü prinsipi əsas olmaqla yalnız diplomatik masada həll ediləcək. Bundan başqa, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək, Ermənistan ərazisindən keçəcək, daha sonra Türkiyə, Avropa və Yaxın Şərq bazarlarına çıxış yaradacaqdır.

Burada məqsəd, həm ticarət, həm də enerji tranzitini artırmaqdır. TRIPP layihəsinin maliyyələşdirilməsində ABŞ-nin aparıcı infrastruktur şirkətləri və beynəlxalq maliyyə institutlarının iştirak edəcəyi gözlənilir. Bu, bölgəyə milyardlarla dollarlıq investisiya gətirə bilər.

Sülh bəyannaməsinin reallaşması üçün ilk növbədə adı çəkilən koridorun texniki planlaşdırılması və tikintisinin vaxtında başa çatdırılması, sərhəd demarkasiyası və delimitasiyası prosesinin problemsiz icrası, qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi və humanitar əlaqələrin bərpası və xalqlar arasında psixoloji baryerlərin aradan qaldırılması vacibdir.

Bəyannamənin mühüm siyasi nəticələrindən biri də ATƏT-in Minsk Qrupu prosesinin rəsmi olaraq sonlandırılmasıdır. Bu addım, illərlə davam edən, amma real nəticə verməyən vasitəçilik mexanizminin əvəzində birbaşa, nəticəyönümlü danışıqlar formatına keçidi simvolizə edir. Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ATƏT-ə rəsmi müraciət ünvanlayaraq, Minsk Qrupunun mandatının ləğv edilməsini istəyiblər.

Bu nəticə Prezident İlham Əliyevin illərlə apardığı ardıcıl, prinsipial siyasətin bəhrəsidir. Vaşinqtonda imzalanan bu tarixi sənəd, böyük bir diplomatik uğurdur. Lakin tarix göstərir ki, real sülh yalnız siyasi iradə ilə deyil, həm də iqtisadi maraqların uzlaşması ilə möhkəmlənir. Prosesin uğurla icra olunması Cənubi Qafqazı uzunmüddətli sabitliyə və çiçəklənməyə aparan yolda ən önəmli mərhələ olacaqdır.

Milli Məclisin deputatı,

Əminə Ağazadə

Məqalədə:
Xəbər lenti

Xəbər lenti