...

Müasir Azərbaycanın dinamik iqtisadiyyata malik dövlət kimi inkişafı Prezident İlham Əliyevin siyasəti ilə bağlıdır – Sahibə Qafarova

Siyasət Materials 23 Dekabr 2025 11:13 (UTC +04:00)
Müasir Azərbaycanın dinamik iqtisadiyyata malik dövlət kimi inkişafı Prezident İlham Əliyevin siyasəti ilə bağlıdır – Sahibə Qafarova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev fəaliyyətinin miqyasına və əhəmiyyətinə görə milli tariximizdə müstəsna yeri olan siyasi və dövlət xadimidir. O, eyni zamanda, dünya siyasətinin ən tanınmış və nüfuzlu şəxsiyyətlərindən biridir.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

Spiker vurğulayıb ki, müasir Azərbaycanın dinamik iqtisadiyyata malik olan, regional və qlobal proseslərdə önəmli rol oynayan bir dövlət kimi inkişaf etməsi Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır:

“Məhz onun fenomenal liderlik məharəti, strateji baxışı, əzmi və cəsarəti sayəsində Azərbaycan sabitlik və quruculuq məkanına çevrilib, dövlətimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji xətt Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni dövrün şəraitinə və qlobal transformasiyaların tələblərinə uyğunlaşdırmağa imkan verib. Prezident İlham Əliyevin dövlət maraqlarımızın qorunmasında prinsipial, qətiyyətli və ardıcıl fəaliyyəti Azərbaycanı beynəlxalq birliyin önəmli bir üzvünə çevirib”.

Sədr bildirib ki, Prezident İlham Əliyevin tarixi xidmətlərindən biri də dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır:

“Onun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə edilən tarixi qələbələr sayəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması ölkəmizin inkişafında yeni mərhələ açıb”.

S.Qafarovanın sözlərinə görə, Prezident İlham Əliyevin sülh diplomatiyasının təntənəsi olan Vaşinqton razılaşmaları milli maraqlarımızın təmin edilməsi yolunda növbəti böyük uğur olub:

“ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən bu razılaşmalar bizim ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açıb”.

Milli Məclisin sədri əlavə edib ki, ölkəmizin davamlı iqtisadi inkişafı xalqımızın və dövlətimizin rifahına yönələn möhtəşəm layihələri reallaşdırmağa imkan verir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun simasını dəyişən nəhəng quruculuq işləri sürətlə həyata keçirilir. Məcburi köçkün soydaşlarımız mərhələ-mərhələ ata-baba yurdlarına dönürlər.

Ölkəmizin xoşbəxt gələcəyi Prezident İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə yeni nailiyyətlərə imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək”, - deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti