Bakı. Trend:
Hazırda İranda olan Azərbaycan vətəndaşlarının vəziyyətinin diqqət mərkəzində saxlanılması istiqamətində Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğu mütəmadi şəkildə fəaliyyət göstərir və bu fəaliyyət bir saat belə dayandırılmayıb.
Trend xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov 20 Yanvar Hüzn Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
"İranda olan vətəndaşlarımız hər hansı çətinliklə üzləşdikləri təqdirdə, rəsmi şəkildə açıqlanmış əlaqə nömrələri vasitəsilə diplomatik nümayəndəliklərimizlə əlaqə saxlaya bilərlər. Hazırda vəziyyət sabitdir, ciddi problem müşahidə olunmur və Baş konsulluğumuz tam fəaliyyətdədir".
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
