...

ELDAR NAMAZOV: LALƏ-ŞÖVKƏT HACIYEVANIN "YeS"DƏN GETMƏSİ BLOKUN DAĞILMASI DEMƏK DEYİLDİR

Siyasət Materials 5 İyul 2005 13:20 (UTC +04:00)

"Lalə-Şövkət Hacıyevanın "Yeni Siyasət" ("YeS") blokundan istefa verməsini seçki blokunun dağılması kimi qəbul etmək lazım deyildir". Bunu "YeS" in Koordinasiya Şurasının (KŞ) üzvü Eldar Namazov Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, "Milli Birlik Hərəkatı"nın lideri L.-Ş.Hacıyevanın bloku tərk etməsinə bəzi məsələlərə yanaşmada "YeS"in Təsisçilər Şurasının üzvləri arasındakı mövcud fikir ayrılığı səbəb olmuşdur. "Bununla belə "YeS" bloku öz fəaliyyətini davam etdirməkdədir.

Blokun Koordinasiya Şurasının bu gün keçiriləcək toplantısında seçki blokunun gələcək fəaliyyəti ilə bağlı məsələlər, eləcə də bloka yeni üzvlərin qəbul edilməsi məsələləri müzakirə ediləcəkdir. "YeS" bloku artıq 70 seçki dairəsi üzrə öz namizədlərini müəyyənləşdirmişdir. Bloka yeni üzvlər qəbul olunduqdan sonra, yaxın günlərdə digər seçki dairələri üzrə də namizədlərin müəyyənləşdirilməsi işini başa çatdıracağıq",- deyə Eldar Namazov vurğulamışdır.

Lalə-Şövkət Hacıyevanın radikal müxalifət partiyalarının təşkil etdiyi "Azadlıq" blokuna qoşulması ilə bağlı sualı cavablandıran Eldar Namazov bunu istisna etməmişdir.

"Əslində "YeS" ölkədə demokratik seçkilərin keçirilməsi uğrunda mübarizə aparan bütün seçki blokları ilə normal əməkdaşlıq etməkdədir. Əgər Lalə-Şövkət Hacıyeva "Azadlıq" blokuna qoşulacaqsa, bu onun öz seçimidir və burada pis heç nə axtarmaq lazım deyildir. "YeS" bloku "Azadlıq" seçki blokunu özünə rəqib hesab etmir. Sadəcə bəzi məsələlərə yanaşmada, mübarizə metodları və taktikasında bloklar arasında fərq mövcuddur. Hesab edirəm ki, əsas məsələ kimin hansı tərəfdə olması deyil, demokratik seçkilər uğrunda mübarizə aparıb, qələbə çalmaqdır", - deyə Eldar Namazov vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti