...

Haydemariya Gürer: Avstriya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir

Siyasət Materials 30 Yanvar 2006 13:08 (UTC +04:00)
Haydemariya  Gürer: Avstriya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir

Avstriyanın Azərbaycandakı səfiri, həmin ölkə parlamentinin üzvü ilə Trend in eksklyuziv müsahibəsi

- Siz Azərbaycanla Avstriya arasında cari əməkdaşlığı necə qiymətləndirirsiniz? Siz bu əməkdaşlığın ortamüddətli perspektivdə inkişafı yollarını necə görürsünüz?

- Avstriya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və coxşaxəlidir. Müxtəlif sahələrdə - mədəni, elmi, iqtisadi, siyasi və təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlıq mövcuddur. Bu planda əlaqələrin geniş diapazonu, yüksək səviyyədə səfərlər, müvafiq razılaşmaların imzalanması yer alır. Ötən il ərzində nazirlər və nazir müavinləri səviyyəsində bir sıra səfərlər həyata keçirilib. Avstriya müəssisələri Azərbaycandakı birgə müəssisələrdə iştirak edir. Avstriyanın AUA təyyarə xətti həftədə beş dəfə Bakıya uçuşlar edir.
Azərbaycanın Cənubi Qafqazda Avstriyanın ən mühüm ticarət tərəfdaşı olmasına baxmayaraq qarşıda ticarət əlaqələrini daha da inkişaf etdirmək durur.
Ortamüddətli perspektivdə əməkdaşlığın bütün sahələri gələcəkdə də möhkəmləndirilə bilər. Mənim nəzərimcə, bunu təhsil və iqtisadiyyat sahəsindəki münasibətlərdə xüsusi qeyd etmək lazımdır. Hər iki halda ilkin şərt, əlbəttə, qanuna hörmət olmalıdır.

- Avstriya Azərbaycanla Avropa Birliyi arasındakı münasibətlərin inkişafında hansı rolu oynaya bilər?

- Avstriyanın Avropa Birliyində sədrlik etdiyi dövrdə biz "Avropa Qonşuluq Siyasəti" proqramı üzrə fəaliyyət planının yerinə yetirilməsini dəstəkləməkdə davam edəcəyik və ümid edirik ki, bu proqrama qoşulan ölkələr islahatların həyata keçirilməsini davam etdirəcək. Bu, gələcəkdə regionda sabitliyi yaxşılaşdıracaq, eləcə də ictimai və iqtisadi institutların da yaranmasına kömək edəcək.
Biz sizin tərəfinizdən də fəaliyyət planına aid olan məsləhətləşmələrin artıq başlanılmasını alqışlayırıq və biz sədrlik etdiyimiz dövrdə Cənubi Qafqazdakı bütün üç dövlətlə danışıqlar aparmağa çalışacağıq. Ümidvaram ki, fəaliyyət planına aid olan məsələlərin həlli başa çatdıqdan sonra, biz onların dərhal icrasına başlaya biləcəyik.
Bununla yanaşı, onların əsas diqqəti demokratik və iqtisadi islahatlarda cəmləşəcək. Bütün üç Cənubi Qafqaz dövlətilə Avropa Qonşuluq Siyasətinin fəaliyyət planı regional əməkdaşlığın gələcəkdə güclənməsinə və münaqişələrin həll edilməsinə yardıma yönəlib. Bu, ümumilikdə bütün regiona müsbət təsirini göstərəcək.
Və nəhayət, biz 2007-ci ildən başlayaraq Azərbaycan da daxil olmaqla üzv ölkələrdə layihələri maliyyələşdirəcək Avropa Qonşuluq Siyasətinin mexanizmi üzrə danışıqları yekunlaşdırmaq niyyətindəyik. Bu yeni maliyyə aləti, həmçinin, Avropa Qonşuluq Siyasəti planlarının həyata keçirilməsinə yardım edəcək.

- Avstriya regional problemlərin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həllində hansı yardımı göstərə bilər?

- Biz hələ də 2006-cı ilin Dağlıq Qarabağ probleminin həlli üçün imkan pəncərəsi olduğuna inanırıq. ATƏT-in baş ofisinin yerləşdiyi ölkə kimi, Avstriya öz ərazisini hər zaman görüşlərin, seminarların, və s. keçirilməsi üçün təklif etməyə hazırdır.
İstənilən halda fəallığın artırılması, əlbəttə ki, Avstriya tərəfindən, eləcə də onun Avropa Birliyində sədrliyi çərçivəsində dəstəklənəcək.
Avstriyanın Stadtschlaining Sülh Universiteti Cənubi Qafqazdakı münaqişələrin həlli üzrə seminarların keçirilməsində böyük təcrübəyə malikdir. Cənubi Qafqazda bütün münaqişə tərəfləri nümayəndələrinin iştirakı ilə bir neçə seminar Avstriyada, eləcə də Cənubi Qafqazdakı bütün üç dövlətdə keçirilib və biz bu təcrübəni davam etdiririk.

- Xəzərin enerji ehtiyatlarının Avropa bazarlarına ixracı məsələsində Avstriyanın mövqeyi nədən ibarətdir?

- Enerji təhlükəsizliyi bu gün ən çox müzakirə olunan məsələlərdən biridir. Heç kim müstəsna enerji ehtiyatlarına malik olduğunu hesab edə bilməz və etməməlidir. İndi kəmərlərin çoxşaxəli olması əvvəlkindən daha çox lazımdır. Bu mənada Cənubi Qafqazın enerji ehtiyatları və müvafiq boru kəmərləri sistemi, Avropa üçün, xüsusilə, Avstriya üçün mühüm rol oynayır.
Avstriyanın Milli neft-qaz şirkəti OMI-nin bu sahədə öz maraqları var və əvvəllər olduğu kimi, daha çox ölkələrlə əməkdaşlıqda maraqlıdır.

Xəbər lenti

Xəbər lenti