...

Azərbaycanın fövqəladə hallar naziri Robert Simmonsun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 11 Aprel 2006 15:19 (UTC +04:00)

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov aprelin 11-də NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend xəbər verir ki, görüşdə NATO-Azərbaycan əlaqələrinin genişlənməsinin əhəmiyyətindən danışılıb.

K.Heydərov rəhbərlik etdiyi nazirliyin müasir dövrün tələblərinə cavab verən səviyyədə formalaşması üçün görülən işlərdən danışıb. O bildirib ki, müasir dövrdə təbii fəalkətlər və texnogen qəzalar təhlükəsi, onların dağıdıcı nəticələrinin miqyası artdıqca əhalinin mühafizəsi ilə bağlı məsələlərin həlli də xüsusi əhəmiyyət kəsb edir. Nazir yeni yaranan nazirliyin müstəqil Azərbaycan dövlətinin əsas qurumlarından biri kimi öz funksiyaları daxilində həyata keçirəcəyi işlərin tezliklə nəticə verəcəyini, hazırlanan əsasnamənin təsdiqindən sonra tam qüvvə ilə fəaliyyətə başlayacağını bildirib.

Azərbaycanın NATO ilə bir çox sahələrdə geniş əməkdaşlıq etdiyini razılıqla dilə gətirən R.Simmons prosesin davamlı olaraq inkişaf edəcəyinə inandığını vurğulayıb. Azərbaycanda yeni yaradılan Fövqəladə Hallar Nazirliyinin əhəmiyyətinə toxunan R.Simmons bu mühüm addımı NATO-Azərbaycan əməkdaşlığının bir sıra sahələrdə genişləndirilməsinə təsirsiz qalmayacağını deyib. Qonaq NATO-nun mülki proqramlarının planlaşdırılması sahəsində bu təşkilatın təcrübəsinin və müəyyən tarixinin mövcud olmasını vurğulayıb. Qeyd edib ki, Azərbaycan tərəfinin də bu sahədə fikir və təklifləri Şimali Atlantika Alyansının qarşıya qoyduğu məqsədləri zənginləşdirə bilər.

Xəbər lenti

Xəbər lenti