Çin istehsalı olan avtomobillərin yığılması üçün ilk komplektlər Gəncə Avtomobil Zavoduna may ayında gətiriləcək. Zavodun direktoru Xanlar Fətiyevin Trend ə verdiyi eksklyuziv məlumata görə, məhsulun buraxılışına bundan sonra başlanılacaq.
Hazırda o, istehsal gücünün və sənədlərin hazırlandığını bildirib.
Bu il Gəncə Avtomobil Zavodu Çinin "Lifan" şirkətinin istehsalı olan 2,5 min avtomobil buraxmaq niyyətindədir. Mart ayında imzalanan müqaviləyə görə, zavodda yarıyük avtomobilləri (1tondan 3,5 tona qədər), mikroavtobuslar və minik maşınları istehsal ediləcək.
İlin sonuna kimi 9-a yaxın modifikasiya üzrə avtomobil istehsalının yoluna qoyulması nəzərdə tutulub. Yığım zavodun sahəsi 20 kvadratmetr olan yeni sexinin ərazisində həyata keçiriləcək. Bütün işlər müəssisənin hesabına həyata keçirilir. Qiymət siyasətinə görə, müxtəlif modifikasiyalı avtomobillərin dəyəri 6,5 mindən 9,5 minə qədər AZN dəyərində olacaq. Bu avtomobillərin təkcə Azərbaycanın ərazisində deyil, həm də MDB ölkələri ərazisində yayılması nəzərdə tutulub.
Zavodda Rusiya istehsalı olan "UAZ" markalı avtomobillərin istehsalı davam edəcək. İlin sonuna kimi bu avtomobillərdən 1,5 min ədəd istehsal olunması nəzərdə tutulub. Şirkətin mütəxəssislərinin rəyinə görə, bu il bu markadan olan avtomobillərə sorğu xeyli artacaq.