Biz iki ölkənin yerinə qərar çıxara bilmərik. Bu, qəbul edilmək nöqteyi-nəzərindən çox mürəkkəb qərardır. Çünki heç bir sülh razılaşması tərəflərin heç birinin ümidlərini 100 % təmin etmir. Lakin mən deyə bilərəm ki, hər iki tərəfin ümidlərini 50 %-dən artıq qane etməyə imkan verən, hətta tərəflərin istəklərinin 80 %-nin təmin olunmasına şərait yaradan çıxış var. Son qərar sizin rəhbərləriniz və hökumətləriniz tərəfindən qəbul edilməlidir. Trend in məlumatına görə, bu barədə aprelin 11-də ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasye bildirib.
Onun sözlərinə görə, həmsədrlər Fransadakı görüş zamanı heç bin nəticənin əldə olunmamasına görə təəssüflənirlər. "2005-ci il çox gərgin oldu, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə çoxlu görüşlər və danışıqlar keçirildi. Onların hamısı sülh danışıqlarının əsas prinsiplərinin müəyyən olunmasına gətirib çıxardı. Prezidentlərin görüşündə yerdə qalan nizamlanmamış prinsiplər razılaşdırılmalı idi. Lakin təəssüf ki, bu, baş tutmadı", - deyə həmsədr bildirib.
Onun sözlərinə görə, işlər ötən ilin sonlarında olduğu kimi gərgin rejimdə davam etdiriləcək.
B.Fasyenin regiona səfəri həmsədrlərin Moskvada görüşündə müzakirə ediləcək. Bundan sonra ABŞ-dan olan həmsədr Stiven Mənn regiona səfər edəcək. Aprelin sonlarına kimi rusiyalı həmsədr Yuri Merzlyakovun da regiona səfəri mümkündür. Mayın əvvəllərində həmsədrlər Moskvada görüşəcək və burada apreldə keçirilən bütün danışıqlar müzakirə olunacaq.
B.Fasye bildirib ki, danışıqlar zamanı baza razılaşmasının əsas prinsiplərini yenidən müəyyən etmək lazım gələcək.
Mayın əvvəlində həmsədrlərin regiona yenidən səfərləri gözlənilir. Bu, Ermənistan və Azərbaycan rəhbərlərinin vaxtı hələ məlum olmayan yeni görüşünə hazırlığın keçirilməsi üçün aparılacaq.
"Mən əminəm ki, hər iki prezidentin razılığını almaq üçün imkan var", -deyə o bildirib.
Bundan sonra həmsədrlər prezidentlərə problemin həllinin yeni əsas prinsiplərini təqdim edəcəklər.