907-ci düzəlişin ləğvi Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a gözlənilən səfəri zamanı müzakirə oluna bilər. Trend agentliyinin məlumatına əsasən, bu barədə ABŞ Konqressinin xarici təxsisatlar üzrə altkomitəsinin sədri, konqressmen Ceyms Kolbi aprelin 13-də Bakıda keçirilən mətbuat konfransında bildirib.
Prezidentin səfəri zamanı onun Konqres nümayəndələri ilə görüşməsi üçün şərait yaradılacaq, lakin son qərar xarici təxsisatlar üzrə komitədən asılı olacaq.
Konqresmenin sözlərinə görə, 907-ci düzəliş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına qədər də tam ləğv oluna bilər. Bununla yanaşı, o qeyd edib ki, məsələ bu düzəlişin tam ləğvində deyil, beşinci ildir ki, dondurulmasındadır.
Azərbaycanın "Minilliyin çağırışları" proqramına daxil edilməməsinə toxunan Kolbi deyib ki, iddiaçıların seçilməsi zamanı ölkədəki idarəçiliyin keyfiyyəti və rüşvətxorluğun səviyyəsinə böyük əhəmiyyət verilib. Konqresmen deyib ki, Azərbaycanda bu istiqamətdə addımlar atılır və o, səbirsizliklə Azərbaycanın bu tələblərə cavab verəcəyi anı gözləyir. Lakin bu vaxta qədər ABŞ hərbi, demokratiyanın inkişafı və səhiyə sahəsində Azərbaycana yardım göstərmək niyyətindədir.
Kolbi bildirib ki, o, Bakıda olduğu qısa müddət ərzində Xarici İşlər Nazirliyi, parlament, qeyri-hökumət təşkilatları, eləcə də İraqdakı sülhməramlı missiyanın və silahlı qüvvələrin nümayəndələri ilə görüşüb. O, beynəlxalq terrorçuluqla mübarizədə, İraq və Əfqanıstandakı sülhməramlı əməliyyatlarda Azərbaycanın "çox böyük rol" oynadığına görə təşəkkür edib.