...

Məzahir Pənahov: "MSK-ya daxil olan şikayətlərin hamısına baxılıb"

Siyasət Materials 28 Aprel 2006 16:52 (UTC +04:00)

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçiriləcək təkrar parlament seçkilərini müşahidə missiyasının nümayəndələrinə MSK-ya daxil olan şikayətlərlə bağlı verilən məlumatlar bir qədər təhrif olunub". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, AŞPA müşahidə missiyasının nümayəndələri ilə görüşdə bildirib ki, müzakirələrin məhsuldar və effektli olması üçün konkret faktlar irəli sürülməlidir və MSK da bunları araşdırıb ölçü götürməlidir. Bundan sonra müşahidə missiyasının rəhbəri Leo Platvoet bildirib ki, onlara verilən məlumatlara görə, MSK-ya daxil olan şikayətlərə baxılmır: "Mən isə bildirdim ki, bu, düzgün məlumat deyil. Avropa Şurasının Venesiya Komissiyası bizim üçün təlimat hazırlayıb və o, MSK üzvlərinə paylanılıb. Komissiya üzvləri də təlimata uyğun olaraq şikayətləri araşdırır, sonra MSK-nın iclasına çıxarırlar. O ki, qaldı MSK-nın şikayətlərə baxmasından sonra hansı tədbirlərin görməsinə, biz qanuna uyğun şəkildə addımlar atırıq, iclasda müvafiq qərarlar qəbul edirik. MSK-ya 1000-ə yaxın şikayət daxil olub, onların demək olar ki, hamısına baxılıb".

MSK sədri bildirib ki, beynəlxalq təşkilatların müşahidəçiliyi ilə bağlı da heç bir problem yoxdur. Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, MDB İcraiyyə Komitəsinin müşahidə missiyaları artıq Bakıya gəliblər. Həmçinin Azərbaycanda olan diplomatik korpusun nümayəndələri də müşahidəçi kimi qeydiyyatdan keçirlər. M.Pənahov bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi və MSK tərəfindən xarici ölkələrin 40-a yaxın dövlət və qeyri-hökumət təşkilatlarına, beynəlxalq qurumlara müşahidəçiliklə bağlı dəvət göndərilib.

M.Pənahov əlavə edib ki, təkrar seçkidə "exit poll" keçirilməsi azad bir işdir və hər kəs bu sorğunu keçirə bilər: "MSK tərəfindən DSK-lara tapşırıq verilib ki, "exit poll" keçirilməsinə lazımi şərait yaradılsın. Biz də əlimizdən gələn köməkliyi göstərməyə hazırıq".

Xəbər lenti

Xəbər lenti