Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev iyunun 13-də Amerikanın "Halliburton" şirkətinin prezidenti Devid Lezarı qəbul edib.
D.Lezar dövlət başçısını Azərbaycan neftilə doldurulmuş ilk tankerin Türkiyənin Ceyhan limanından göndərilməsi münasibətilə təbrik edib. Bununla yanaşı, o, BTC layihəsinin iştirakçısı olduğundan məmnunluq ifadə edib. D.Lezarın dediklərinə görə, BTC kəmərinin istismara verilməsi Azərbaycanın regionda lider olduğunu nümayiş etdirir və dünya energetika bazarı üçün böyük əhəmiyyət kəsb edir. BTC terminalının dünya standartlarına tam cavab verdiyini deyən D.Lezar əlavə edib ki, bu layihə "Halliburton" şirkətinin iştirak etdiyi ən əhəmiyyətli layihələrdən biridir.
İ.Əliyev BTC kəmərinin istismara verilməsini əhəmiyyətli tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, bu, uzunmüddətli ağır işin nəticəsidir. Hazırda Azərbaycan öz neftini dünya bazarlarına həm Bakı-Supsa və Bakı-Novorossiysk, həm də Bakı-Tbilisi-Ceyhan kəmərlərilə nəql edir.