...

Azərbaycan və AB arasında enerji sahəsində tərəfdaşlığa dair saziş payızda Brüsseldə imzalanacaq

Siyasət Materials 29 Avqust 2006 19:02 (UTC +04:00)
Azərbaycan və AB arasında enerji sahəsində tərəfdaşlığa dair saziş payızda Brüsseldə imzalanacaq

Azərbaycan və Avropa Birliyi arasında enerji sahəsində tərəfdaşlığa dair sazişin noyabrda imzalanması gözlənilir. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Benelüks ölkələrindəki səfiri Arif Məmmədov məlumat verib. Onun sözlərinə görə, sənədin Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı imzalanacağı istisna edilmir.

Diplomatın sözlərinə görə, avqustun 29-da Brüsseldə Azərbaycan hökumətinin nümayəndə heyəti və AB-nin yüksək vəzifəli nümayəndələri səviyyəsində sənədin layihəsi ilə bağlı məsləhətləşmələrin birinci mərhələsi keçirilib. Danışıqlar AB-nin enerji məsələləri üzrə departamentinin rəis müavini Fabritsio Barbasonun, Azərbycan tərəfdən isə iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərliyi altında aparılıb.

AB və Azərbaycan arasında enerji sahəsində tərəfdaşlığa dair sazişin layihəsinin əsas məqamları artıq razılaşdırılıb", - deyə o qeyd edib. Məsləhətləşmələr sabah işçi qrupları səviyyəsində davam etdiriləcək.

Diplomat bildirib ki, sabah, həmçinin, sənədin həlledici məqamlarının da razılaşdırılması gözlənilir. Yalnız bundan sonra sənədin imzalanmasından danışmaq olar. "Sənədin bu ilin noyabrında, Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı imzalanması nəzərdə tutulur", - deyə səfir qeyd edib.

"Azərbaycan Ukraynadan sonra sənədin imzalanma ərəfəsində olduğu ikinci ölkədir və sənədin əhəmiyyətini nəzərə alaraq, hesab edirəm ki, saziş ən yüksək səviyyədə imzalanacaq", - deyə A.Məmmədov vurğulayıb.

Səfir onu da bildirib ki, Brüsselə hazırkı səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti xarici əlaqələr üzrə baş direktorluğun direktor müavini Fokion Fotiadis, AB-nin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdnerlə görüşəcək.

Xatırladaq ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov, iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Azərbaycan prezidentinin İcra Aparatının şöbə müdiri Şahin Əliyev və başqaları daxildir.

Xəbər lenti

Xəbər lenti