Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) müraciətinə cavab məktubu göndərib. Trend in məlumatına görə, bu barədə oktyabrın 3-də AMİP-in müvəqqəti qərargahında keçirilən mətbuat konfransında partiyanın mətbuat xidmətinin rəhbəri Əli Orucov məlumat verib.
Əli Orucov qeyd edib ki, AMİP-ə qərargah üçün yer ayrılması ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə dəfələrlə müraciətlər edilib, nəhayət, ötən gün Dövlət Komitəsi partiyaya cavab məktubu göndərib. Məktubda bildirilir ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yalnız dövlət təşkilatlarının yerləşdirilməsi barədə təkliflər verir. İctimai təşkilatların, hüquqi və fiziki şəxslərin qeyri-yaşayış sahələrinə tələbatı Azərbaycan Respublikası prezidentinin "İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında" 6 sentyabr 1997-ci il tarixli fərmanı ilə tənzimlənir. Daşınmaz dövlət əmlakının balanssaxlayıcısının boş və istifadəsiz qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair yazılı razılıq müraciətindən sonra həmin sahənin qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarə müqaviləsi bağlanılmasına Komitədə baxıla bilər.
Əli Orucov bildirib ki, Komitənin bu cavabı qanunsuzdur, çünki siyasi partiyalar özləri icarə üçün yer axtarmamalıdırlar. Mətbuat katibi onu da deyib ki, partiya qərargah üçün öz təşəbbüsü ilə yer axtaranda da buna süni maneələr yaradılır, iş adamlarına təzyiqlər göstərildiyindən onlar qeyri-yaşayış sahələrini AMİP-ə icarəyə verməkdən çəkinirlər.
AMİP nümayəndəsi vurğulayıb ki, partiyanın mülkiyyət hüququ təmin olunmalı, vaxtilə sahib olduğu geniş sahəli qərargahı əlindən alındığı üçün əvəzində yeni qərargahla təmin edilməlidir. AMİP qərargah probleminin həll edilməməsinə etiraz olaraq fasiləsiz aksiyalara başlamağa qərar verib.
Qeyd edək ki, AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.