Bu günə qədər Almaniya Azərbaycana müxtəlif layihələr çərçivəsində 300 mln. avro ayırıb. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 3-də Almaniyanın Azərbaycandakı səfiri Pyer Stankina Almaniyanın milli bayramı - Birlik günü münasibəti ilə keçirilən qəbulda bəyan edib.
Onun sözlərinə görə, Almaniya müstəqillik qazandıqdan sonra Azərbaycana həm iqtisadi, həm də siyasi dəstək verib. Hazırda ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir - 2006-cı ilin 6 ayı ərzində mal dövriyyəsi keçən ilin analoji dövrü ilə müqayisədə 75% artıb.
Hər il Almaniya azərbaycanlı tələbələrinə təhsil almaq üçün 500 min avro ayırır. Səfir həmçinin Avropanın Qonşuluq Siyasəti üzrə Azərbaycan və Avropa Birliyi arasında aparılan danışıqların başa çatmasından məmnunluq duyduğunu bildirib. Onun sözlərinə görə, bu, ölkədə demokratiyanın, azad iqtisadiyyat və insan haqlarının inkişafını nümayiş etdirir.
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, Almaniya və Azərbaycan arasında münasibətlər "çox yaxşı inkişaf edir" və ölkələrimiz arasında gələcəkdə də yüksələn xətlə inkişaf edəcək səmimi münasibətlər qurulub.