Azərbaycan Respublikası İnsan Haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova oktyabrın 6-da bəzi bələdiyyələrə keçirilən təkrar, əlavə, yeni və ilk seçkilərin hazırlığı və gedişindən razı qalıb. Bu barədə Trend ə 13 saylı Əzizbəyov I seçki dairəsinin sədri Abbas Mövsümov bildirib.
A.Mövsümov bildirib ki, hələlik seçkilər sakit və normal keçirilir: "Seçicilərin fəallığı da günün ikinci yarısında artıb. Heç bir qanun pozuntusu qeydə alınmayıb. Namizədlərin vəkilləri, yerli müşahidəçilər prosesi sakitliklə izləyirlər. Hələlik onlar tərəfindən də irad bildirilməyib". A.Mövsümov onu da qeyd edib ki, hətta namizədlərin özləri də seçkilərin necə keçirildiyinin şahidi olmaq üçün müşahidəçilərlə bir yerdə oturub prosesi izləyirlər.
A.Mövsümov onu da vurğulayıb ki, ombudsman E.Süleymanovanın özü dairə seçki məntəqəsində olub və seçkinin hazırlığından razı qalıb: "Beynəlxalq müşahidəçilərin özləri də seçkiləri sakit tərzdə izləyirlər". A.Mövsümov xırda problemlərlə üzləşdiklərini də bildirib. Qeyd edib ki, bəzi siyahılarda seçicilərin adları göstərilməyib: "Amma bunlar da yerindəcə həll olunur. Bu məsələ ilə bağlı bizə edilən müraciətlər təcili öz həllini tapır".