British Airways (BA) aviaşirkətinin françayzinq tərəfdaşı BMED şirkəti Avropa Birliyinin mayelərin əl çantasında daşınması ilə bağlı qoyduğu qaydaları yerinə yetirməyə başlayır. Bu barədə Trend ə BMED şirkətindən məlumat verilib. Londondan uçan sərnişinlər BA aviaşirkəti tərəfindən mayelərin daşınması üzrə yeni qaydalara riayət etməli olacaq.
6 noyabr 2006-cı ildən başlayaraq sərnişinlər Avropa Birliyi marşrutları ilə uçuşlar zamanı məhdud miqdarda maye apara bilər. Qaydalar Böyük Britaniya da daxil olmaqla, AB-nin bütün ölkələrinə şamil edilir. Sərnişinlər Böyük Britaniyadan uçarkən və ya Böyük Britaniyadan, o cümlədən AB ölkələrindən tranzitlə səyahət edərkən özləri ilə aşağıdakı əşyaları götürə bilər:
- istənilən mayelər, gel və pastalar 20x20 sm-dən böyük olmayan ölçüyə malik şəffaf qabda daşınmalıdır (və ya bir litrin ekvivalenti).
- gel və pastalar da daxil olmaqla mayelərin həcmi 100 ml-dən çox olmamalıdır.
-şəffaf plastik qablar əl çantasından çıxarılmalı və ayrıca yoxlanılmalıdır.
"AB-nin mayelərin daşınması üzrə yeni siyasəti olduqca müsbət addımdır. Bu, AB ölkələrinin hava limanlarına uçan bütün sərnişinlər üçün münasibdir və Londondan uçuşları daha rahat edir. Yeni siyasət sərnişinlərə onların özləri ilə təhlükəsizlik sistemindən nəyi keçirə bilmələri, nəyi isə keçirə bilməmələrini aydın şəkildə izah edir. Bu, artmış təhlükəsizlik tədbirləri ilə bağlı mövcud ab-havanı nəzərə alaraq bortda sərnişinləri mühafizə etmək üçün olduqca düşünülmüş tədbirdir",- deyə BMED şirkətinin satış üzrə meneceri Səbinə Şərifova bildirib.
Sərnişinlər aşağıdakı yüngül prosedurlara riayət edərək uçuşa hazırlaşa bilər:
- Təhlükəsizlik qaydaları ilə bağlı mövcud məhdudiyyətlərlə tanışlıq. Belə ki, səyahətin əvvəlindəki və ya geriyə yoldakı məhdudiyyətlər bir-birindən fərqlənə bilər.
- təyyarənin yola düşməsinədək 24 saat ərzində onlyan rejimində qeydiyyata düşmək.
Yükün daşınmasına olan məhdudiyyətlərlə bağlı son məlumatlar www.ba.com saytındadır.