...

Politoloq Rasim Musabəyov: "ABŞ Yaxın Şərq siyasətində Türkiyənin pozitiv impulslarına ehtiyac duyur"

Siyasət Materials 10 Noyabr 2006 16:05 (UTC +04:00)

"ABŞ administrasiyası anlayır ki, Türkiyəni qıcıqlandıran hər hansı addım atmamalıdır. Çünki sabah ABŞ qoşunları İraqdan çıxanda və çətin vəziyyətdə qalanda Türkiyəyə möhtac olacaq". Bu fikirləri Trend ə açıqlamasında politoloq Rasim Musabəyov ABŞ Konqresinin Nümayəndələr Palatasına ermənipərəst mövqeyi ilə tanınan Nensi Pelosinin spiker seçilməsinə münasibətini bildirərkən deyib.

R.Musabəyov qeyd edib ki, dəfələrə ermənilərin maraqlarından çıxış edən bir şəxsin spiker seçilməsinə görə Dağlıq Qarabağdakı separatçı rejimin tanınmasını gözləməyə dəyməz. Çünki bu, nə spikerin, Nümayəndələr Palatasının səlahiyyətindədir. Lakin spikerin təşəbbüsü ilə Konqres hansısa sahələrdə ermənipərəstlik nümayiş etdirə bilər: "ABŞ yeganə dövlətdir ki, bilavasitə Dağlıq Qarabağa humanitar yardım göstərir. Spikerin təşəbbüsü ilə, məsələn, bu yardımın həcmi artırıla bilər. Qondarma "erməni soyqırımı"na gəldikdə isə, bununla bağlı Konqresin bəyanat qəbul etmək səlahiyyəti var. Amma bu sənədin qüvvəyə minməsi üçün Senat və prezident tərəfindən də təsdiqlənməlidir. Bu isə artıq ölkənin xarici siyasəti ilə bağlı olan məsələdir"-deyə politoloq qeyd edib.

R.Musabəyov bildirib ki, ABŞ-da hələ demokratların hakimiyyəti dövründə qondarma "erməni soyqırımı" məsələsi gündəliyə salınmışdı. Lakin o vaxt prezident Bill Klinton etiraz məktubu göndərdi və spiker bu məsələni gündəlikdən çıxardı: "Hökumət mövqeyini bu cür izah etdi ki, belə bir məsələnin müzakirəsi tamamilə ABŞ-ın maraqlarına ziddir. Ümumiyyətlə, ABŞ administrasiyası anlayır ki, Türkiyəni qıcıqlandıran hər hansı addım atsa, sabah ABŞ qoşunları İraqdan çıxan zaman Türkiyəyə möhtac olar, lakin türklərdən bu yardımı almaya bilər. Həmçinin ABŞ Yaxın Şərq siyasətində Türkiyənin dəstəyinə, pozitiv impulslarına ehtiyac duyur. Mən hesab edirəm ki, ABŞ-da yəhudi lobbisinin gücü erməni lobbisindən çoxdur. Bu isə türklərin xeyrinə olan məsələdir".

R.Musabəyov əlavə edib ki, ABŞ-da qondarma "soyqırım"la bağlı ermənilərin xeyrinə hər hansı addım atılması ilə Türkiyəyə minnət qoymaq cəhdləri də gözlənilir. Politoloq qeyd edib ki, ABŞ Konqresi Nümayəndələr Palatasının yeni spikeri Nensi Pelosinin ermənipərəstliyini isə çox şişirtlmək lazım deyil: "Çünki o, ilk növbədə Amerikapərəstdir, ermənipərəstliyi isə bəlkə də üçüncü, beşinci yerlərdə gəlir".

Xəbər lenti

Xəbər lenti