...

Azərbaycan QİƏT PA-nın Baş assambleyasının növbəti toplantısında sədrliyi Bolqarıstana verəcək

Siyasət Materials 20 Noyabr 2006 18:48 (UTC +04:00)

Azərbaycan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QİƏT PA) noyabrın 21-23-də Bakıda keçiriləcək plenar sessiyasında sədrliyi Bolqarıstana verəcək. Bu barədə Azərbaycan Milli Məclisinin deputatı Asəf Hacıyev Trend ə eksklüziv olaraq məlumat verib.

A.Hacıyevin sözlərinə görə, QİƏT PA Baş assambleyasının toplantısı Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun sədrliyi altında keçəcək. Baş Assambleyanın birinci günündə Assambleyanın işçi orqanları - Büro və Daimi Komitə, əsasən, təşkilati məsələləri müzakirə etmək üçün görüşəcəklər; onlar, xüsusilə, QİƏT PA-nın 2006-cı ilin ikinci yarısındakı fəaliyyətini nəzərdən keçirəcəklər.

Plenar toplantının ümumi diskusiyasının başlıca mövzusu "QİƏT-in fəaliyyətinin səmərəliliyinin artırılması yolları" olacaq. Assambleya QİƏT PA -nın xüsusi komitələri tərəfindən payız iclasları zamanı hazırlanmış məruzə və tövsiyyələr üzrə diskussiyalar aparacaq. "Alternativ enerji mənbələri və onların Qara dəniz bölgəsində mümkün tətbiqi" məruzəsi QİƏPA -nın iqtisadi, ticari, texnoloji və ekoloji məsələlər üzrə Komitəsi adından Bülənt Tanla tərəfindən (Türkiyə) təqdim olunacaq. Mirça Çopraqa (Rumıniya) QİƏT PA -nın hüquqi və siyasi məsələlər üzrə Komitəsinin "İntellektual mülkiyyətin müdafiəsi üzrə qanunverici bazanın möhkəmləndirilməsi" məruzəsi ilə çıxış edəcək. QİƏPA-nın mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin "Mədəni müxtəliflik üçün qloballaşdırma prosesi və potensial təhlükə" məruzəsini xanım Olqa Seliverstova (Rusiya) təqdim edəcək.

Sonra Assambleya QİƏT-ə üzv olan dövlətlərin parlament və hökümətlərinə ünvanlanmış bu məsələlər üzrə tövsiyyələri təsdiq edəcək. Assambleya üzvləri həmçinin Parlament Assambleyasının fəaliyyəti haqqında hesabatı dinləyəcək və QİƏT PA -nın sədr müavinini seçəcəklər.

Bakı sessiyasının sonunda Bolqarıstan Respublikasının Xalq Yığıncağının sədri cənab Georgi Pirinski altı ay müddətinə - 2007-ci ilin iyun ayına qədər QİƏPA-dakı sədrliyi qəbul edəcək. Növbəti Baş Assambleya 2007-ci ilin iyun ayında Sofiyada keçiriləcək.

A.Hacıyevin sözlərinə görə, Bakı sessiyasında QİƏT PA üzv-ölkələrindən parlament nümayəndə heyətləri, QİƏT Daimi Beynəlxalq Katibliyinin Baş katibi, eləcə də QİƏT ailəsinin Beynəlxalq Qara dəniz Tədqiqatları Mərkəzi, Qara dəniz Universitetləri Şəbəkəsi kimi digər təşkilatları iştirak edəcək. Müşahidəçi və qonaqlar arasında Fransa Respublikasının Milli Yığıncağı və Senatının, İsrail Dövlətinin Knessetinin, Avropa Komissiyasının, Avropa Şurası Parlament Assambleyasının Avropa Parlamentinin, Belarus Respublikasının Milli Yığıncağının, Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının, Belarus və Rusiya İttifaqının Parlament Yığıncağının, Avrasiya İqtisadi Komitəsinin Parlamentlərarası Yığıncağının və İslam İttifaqı Təşkilatı üzv-dövlətlərinin Parlament İttifaqınını nümayəndələri olacaq.

Xatırladaq ki, 1993-cü ildə Qara dənih İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) parlament ölçüsü qismində 1993-cü ildə yaradılmış Assambleya Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının on iki üzv-dövlətlərinin - Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə və Ukraynanın parlament üzvlərini birləşdirir. Misirin Xalq Yığıncağı, Fransa Parlamenti, Almaniya Bundestaqı, İsrail Dövlətinin Knesseti, Slovakiya Respublikasının Milli Şurası və Belarus Respublikaının Milli Yığıncağı QİƏT PA-da müşahidəçi statusuna malikdirlər.

Deputatın qeyd etdiyi kimi, bu sessiyada Ermənistan təmsil olunmayacaq.

Xəbər lenti

Xəbər lenti