...

MSK katibi: "Erməni separatçılarının "seçki" oyunları öz mövcudluqlarına qanuni don geydirmək cəhdidir"

Siyasət Materials 27 Noyabr 2006 16:11 (UTC +04:00)

"Bütün dünya bilir ki, Dağlıq Qarabağda separatçı, qondarma rejim fəaliyyət göstərir və onların özünün mövcudluğu, fəaliyyəti, işlərinin nəticələri hamısı qanunsuzdur. Ona görə də Dağlıq Qarabağda hər hansı seçkidən, yaxud seçkinin nəticələrinin tanınmasından söhbət gedə bilməz". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bildirib.

Qeyd edək ki, erməni separatçıları işğal etdikləri Dağlıq Qarabağda öz "Konstitusiyalarını" qəbul etmək üçün dekabrın 10-da qondarma "seçki" keçirməyi planlaşdırırlar.

MSK katibi N.Məmmədov qeyd edib ki, ölkə ərazisində Azərbaycan Konstitusiyasına zidd olan hər bir hərəkət və fəaliyyət qanunsuzdur. N.Məmmədovun fikrincə, ermənilərin həyata keçirdiyi seçki oyunları yalnız öz mövcudluqlarına qanuni don geydirmək, seçki görüntüsü yaratmaq, beynəlxalq ictimaiyyəti bu qondarma yalanlara inandırmaq cəhdidir: "Əvvəla, referendum keçirilən yerdə ərazisinin bütün əhalisinin seçkidə iştirakı təmin edilməlidir. Dağlıq Qarabağda isə yalnız monomillət yaşayır və əksəriyyət təşkil edən azərbaycanlılar oradan qovulublar. Həmçinin hazırda orada yaşayan ermənilərin həqiqətən də Dağlıq Qarabağ sakinləri olması da böyük şübhə doğurur. Çünki başqa yerlərdən Qarabağa ermənilərin köçürülməsi faktları artıq təsdiqlənib. Bütün hallarda qanunsuz, qondarsa rejimdə heç bir qanuni hərəkətlərdən, seçkilərdən danışmaq yersizdir"-deyə MSK katibi vurğulayıb.

N.Məmmədov onu da deyib ki, belə qondarma seçkiləri bəzən "müşahidə edənlər" də tapılır. Amma bu, beynəlxalq normalara zidd olduğundan işğalçılığa, zorakılığa əsaslanan separatçı rejimdə hər hansı "seçki müşahidəsinin" də nəticələri tanınmayacaq.

Xəbər lenti

Xəbər lenti