Biz bəzi mətbuat orqanları ilə əlaqədar yaranmış vəziyyəti siyasiləşdirməməliyik. Bütün məsələləri hüquqi müstəvidə həll etməliyik. Trend xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində Azərbaycanda KİV-lə bağlı son hadisələri şərh edərkən bildirib.
Onun sözlərinə görə, "Azadlıq" qəzetinin başqa ofisə köçürülməsi müxalifət tərəfindən süni şəkildə siyasiləşdirilir və sanki Azərbaycan iqtidarı müxalifət mətbuatını boğmaq istəyir. "Əksinə, biz onlar üçün çox yararlı və gözəl şərait yaratmışıq. Onlar bütün başqa mətbuat orqanlarının yerləşdiyi "Azərbaycan" nəşriyyatında yerləşdiriləcəklər. Azərbaycanda söz azadlığı var, mətbuat azadlığı var və bununla əlaqədar heç kimdə şübhə olmamalıdır. Mən əminəm ki, Azərbaycanda bu proseslər gələcəkdə daha da sürətlə gedəcəkdir"- deyə dövlət başçısı bildirib.
Prezident vurğulayıb ki, ANS telekanalı ilə bağlı yaranmış vəziyyət də, əlbəttə, müzakirə mövzusudur və ona siyasi nöqteyi-nəzərdən yanaşmaq düzgün deyildir. O xatırladıb ki, özü şəxsən müxtəlif dövrlərdə azad mətbuatın möhkəmlənməsinə həmişə dəstək verib, o cümlədən ANS kanalının fəaliyyəti üçün lazım gələndə öz səylərini göstərib, ancaq bununla yanaşı, hər bir məsələ qanun çərçivəsində həll olunmalıdır və qanun hamı üçün olmalıdır. İ.Əliyev qeyd edib ki, bəzi hallarda müəyyən mətbuat orqanlarında belə bir fikir var ki, mətbuat nümayəndəsi, jurnalist olmaqla, yaxud da mətbuat orqanının sahibi olmaqla hansısa xüsusi imtiyaz əldə edir. Bununla yanaşı dövlət qurumları, Milli Televiziya və Radio Şurasının haqlı iradları, əsaslanmış təklifləri var və gərək hər bir mətbuat orqanı bunları təmin etsin. "Ona görə mən hesab edirəm ki, işgüzar şəraitdə, xoş niyyətlə bu məsələlər öz həllini tapa bilər. Əgər bütün iradlar, xəbərdarlıqlarda göstərilən tələblər yerinə yetirilərsə, onda bu kanalın fəaliyyəti davam etdirilə bilər", -deyə dövlət başçısı vurğulayıb.
"Mən Azərbaycanı müasir dövlət kimi görmək istəyirəm. Zəngin, iqtisadi cəhətdən möhkəm, siyasi cəhətdən azad, müasir, dünyaya açıq, əməkdaşlığa hazır, öz mövqeyini müdafiə edən, qüdrətli ordu potensialına malik olan, öz ərazi bütövlüyünü bərpa edən ölkə kimi görmək istəyirəm və bu yolda əlimdən gələni edəcəyəm. Məni bu yoldan heç kim və heç nə döndərə bilməz", - deyə İ.Əliyev bildirib.