Yanvarın 11-də hakim Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının I konfransı keçirilib. Trend in məlumatına görə, rayon təşkilatının sədr əvəzi Əsəd Hüseynov hesabat məruzəsi ilə çıxış edib. O, məruzədə rayon təşkilatının ötən dövr ərzində gördüyü işlər barədə ətraflı məlumat verib. Ə.Hüseynov bildirib ki, tarixi zərurətdən yaranan YAP xalqın dəstəyi ilə hakimiyyətə gəlib.
O qeyd edib ki, YAP Zəngilan rayon təşkilatı 1057 üzvdən ibarətdir. Konfrans ərəfəsində 48 ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncaqları keçirilib. Təşkilat özündə 255 qadını, 354 gənci birləşdirir. Ə.Hüseynov qeyd etdi ki, təşkilatda gənclərin sayı artmaqdadır: "Təsadüfi deyil ki, hesabat dövründə partiyanın sıralarına daxil olan 400 nəfərin arasında gənclər üstünlük təşkil edir."
Konfransda nəzarət-təftiş qrupunun sədri Ramilə Vəliyevanın məruzəsi dinlənildikdən sonra partiya fəallarından Zakir İbrahimov, Eldar Babayev, Həsən Ələkbərov və millət vəkili İmamverdi İsmayılov çıxış edərək YAP Zəngilan rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Vəli Quliyev çıxışında YAP-ın cəmiyyətdə tutduğu mövqeyinə toxunub.
YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov bildirib ki, eks-prezident, ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanan partiya bütün zamanlarda müstəqil dövlətimizin möhkəmlənməsində fəal rol oynayıb.
Konfransda təşkilati məsələlərə baxılıb və Əsəd Hüseynov YAP Zəngilan rayon təşkilatının sədri seçilib. Eyni zamanda rayon təşkilatının Şurası və Nəzarət-Təftiş qrupunun tərkibi müəyyənləşdirilib.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.
Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 13 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.